Azərbaycan Respublikasının beynəlxalq aləmdə imici gündən-günə yüksəlir

Azərbaycan Respublikasının beynəlxalq aləmdə imici gündən-günə yüksəlir
  • Siyasət

  • Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin bütün sahələr üzrə müəyyən etdiyi inkişaf strategiyasına uyğun davam etdirilir. Azərbaycanın milli maraqlarına söykənən bir siyasət ölkəmizin Prezidenti tərəfindən böyük bacarıqla və yüksək səviyyədə icra edilməkdədir. Ölkəmizin dünya dövlətləri ilə müstəqil şəkildə əlaqələr qurması, bir sıra aparıcı beynəlxalq təşkilatlara üzv olması dünya dövlətləri içərisində Azərbaycan Respublikasının nüfuzunun daha da artmasına səbəb olmuşdur.

    Azərbaycanın öz iqtisadi resurslarına tam nəzarət edən bir ölkə olduğu faktlarda özünü bariz şəkildə göstərir. İqtisadiyyatın əsas hissəsi Azərbaycan dövləti və xalqına məxsusdur ki, bununla da ölkəmiz özünün iqtisadi, eləcə də ərzaq və enerji təhlükəsizliyini tam təmin edir. Dünyanın bir sıra aparıcı şirkətləri ilə qarşılıqlı neft və qaz kontraktları imzalanmış, həmçinin ölkəmizdə beynəlxalq investisiyalar üçün geniş imkanlar yaradılmışdır. Bu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə daha da artmasına gətirib çıxarmışdır.

    Prezident İlham Əliyevin qətiyyətli və inamlı siyasətinin nəticəsidir ki, bizdə heç bir təzyiq altında qərar qəbul edilmir və hansı qərarın nə vaxt qəbul olunacağını ölkə rəhbərimiz özü müəyyən edir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü olmaqla, dünyanın müxtəlif bölgələrində gedən proseslərə dair verilən qərarlarda da yaxından iştirak edir.

    Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət bütün Azərbaycan vətəndaşları kimi biz ziyalıları da ürəkdən sevindirir və qürurlandırır. Azərbaycanın 30 ilə yaxın bir müddətdə işğal altında qalmış topaqları məhz bu uzaqgörən və qətiyyətli siyasət nəticəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ötən ilin payızında “Dəmir yumruq” əməliyyatı ilə işğaldan azad edildi.

    Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizdə sağlam hüquqi dövlətin qurulması, azad seçki mühitinin yaradılması, insan hüquq və azadlıqlarının tam təminatı, iqtisadiyyatın möhkəm və dayanıqlı sütunlar üzərində bərqərar olması ilə bilavasitə əlaqədardir. Müstəqillik illərində dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarına üzv olan Azərbaycanda beynəlxalq konvensiyalar ölkə qanunvericiliyinə ratifikasiya olunmuşdur. Ölkəmiz sivil, unitar, fövqəlbəşər dəyərlərə üstünlük verməsi ilə özünəməxsus bir imic formalaşdırmışdır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin xalqımıza və dövlətimizə bəxş etdiyi taleyüklü töhfələrdir.

    Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi altında Azərbaycanın beynəlxalq hüquqla müəyyən olunmuş ərazi bütövlüyünü təmin etməsi ilə ölkəmizdə möhtəşəm bir tarixə imza atıldı. 44 günlük Vətən müharibəsində ölkəmizin haqq işinə dəstək nümayiş etdirən, başda dost və qardaş Türkiyə olmaqla Pakistan və Əfqanıstan, Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olan qonşularımız Rusiya Federasiyası, İran İslam Respublikası ilə yanaşı İsrail, Böyük Britaniya və dünyanın bir çox dövlət rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı haqq işini müdafiə etdilər. Əlbəttə bu, ölkə Prezidentinin uzun illik uğurlu beynəlxalq siyasətinin parlaq nəticəsi idi.

    Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını, ümumiyyətlə, bütün fəaliyyət sahələrində aparılan quruculuq işlərini xalqımız böyük coşqu ilə qarşılayır və yüksək qiymətləndirir. Görülən və bundan sonra görüləcək işlərlə əlaqədar Azərbaycan Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya uğurlar arzulayırıq!

    Qulam ŞÜKÜROV

    hüquq üzrə fəlsəfə doktoru,
    Masallı Dövlət Regional Kollecinin müəllimi,

    Masallı rayonunun Yeddioymaq kənd sakini

    PAYLAŞ:

    Oxşar xəbərlər