Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib

Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
  • Siyasət

  • Əgər tarixi prizmadan yanaşsaq, 2003-2020-ci illər hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, bu məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə həll edəcəyik. Buna görə mənə qarşı nə qədər təzyiqlər oldu. Böyük ölkələrin nümayəndələri məni nə qədər ittiham etdilər ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir. Kimisə hədələyir. Müharibə mümkün deyil, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.

    LEQAL.AZ xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

    Göstərilən təzyiqlərdən danışan dövlətimizin başçısı deyib: “Mən buna razılıq verdimmi? Xeyr. Məni necə deyərlər, inandırmağa çalışırdılar, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın, və məsələ ancaq sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, bunu müharibə yolu ilə həll edəcəyik. Açıq demişdim, mən bunu gizlətmirdim”.

    Həmin illəri hazırlıq dövrü kimi xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, biz ilk növbədə mənəvi cəhətdən hazır olmalı idik. “Bütün başqa amillərlə bərabər bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Ermənistanın rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxu hesab edirdi ki, bizim torpaqlarımızı zəbt etməkdə haqlıdırlar”, - deyə dövlətimizin başçısı qeyd edib.

    Prezident əlavə edib ki, millətçi və irqçi, azərbaycanafob, islamafob erməni siyasətçiləri bax buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla - ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması amalı ilə yaşamışıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər