Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.
LEQAL.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısındakı çıxışında bildirib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qaldığını xatırladan dövlətimizin başçısı deyib: “Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi”.
Prezident qeyd edib ki, müharibə başlayan kimi Azərbaycanı dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. “Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk. 27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə, eyni zamanda, müharibə vaxtı Azərbaycanı dəstəkləyən digər ölkələrin dövlət və hökumət başçılarına təşəkkür edib.