Qardaş Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır

Qardaş Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır
  • Cəmiyyət / Maraqlı

  • LEQAL.AZ bildirir ki, Pakistan daim Azərbaycanı özünə qardaş ölkə bilir və Ermənistanla münaqişədə xalqımıza dəstəyini mütəmadi olaraq bildirməkdədir.

    Azərbaycanla Pakistan arasında mövcud olan strateji dostluq münasibətlərinin əsl səbəbini yəqin çoxları düzgün bilmir. Yəqin ki, Azərbaycanda bu sual kimə verilsə, ilk növbədə Pakistanın müsəlman ölkəsi olmasını əsas gətirəcək. Yaxud ən böyük müsəlman dövlətlərdən biri olan Pakistanın Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatında birlikdə yer almasını səbəb kimi düşünənlər olacaq.

    Sirr deyil ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ona görə də bir çox insanlar Azərbaycan-Pakistan tərəfdaşlığının 1991-ci ildən sonra, yəni müstəqillik dövründə formalaşdığını düşünür.

    Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə Azərbaycanı dəstəkləyir. Hətta 2016-cı ildə, ağır aprel döyüşləri zamanı mediada Pakistanın 100 minlik ordusunun döyüş vəziyyətinə gətirildiyi barədə məlumat da yayılmışdı.

    Həmin dövrdə Pakistan Müdafiə Nazirliyi Azərbaycan bayrağını rəsmi "Facebook" səhifəsinin profil şəkli etmişdi.


    Lakin big.az iki ölkə arasında bu doğmalığın necə başladığını oxuculara xatırlatmaq istəyir. Bunun üçün bir az tarixi vərəqləmək lazımdır.

    İpək yolu və Multan karvansarası



    Ölkəmizin Pakistanla münasibətlərinin tarixi qədim zamanlara dayanır. Pakistanın Multan şəhərindən olan tacirlər İpək yolunun üzərində yerləşən Bakıya gələr, aylarla burada qalar, ticarət edər, ya yollarına davam edər, ya da geri – öz ölkələrinə dönərdilər.

    Təqribən 5 əsr bundan öncə Bakı xanları məhz Pakistandan gələn tacirlər üçün Multan karvansarasını inşa etdirir. Beləcə, pakistanlı tacirlər xalqımızın qonaqpərvərliyini bir daha anlayır və təqdir edir. Hələ də Multan tacirlərinin adını daşıyan bu karvansara hazırda İçərişəhər Milli Qoruğunda yerləşir və mədəni-tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən qorunur. Bu, Pakistan-Azərbaycan dostluğunun tarixə keçən bir epizodudur.

    Təbii ki, iki xalqın bir-birinə olan xeyirxah münasibəti rəsmi və yazılı mənbələrdən uzaqda da mövcud idi, kim bilir, bəlkə daha da isti idi?..

    Hacı Zeynalabdin Tağıyev Pakistan xalqını məhv olmaqdan xilas edib


    Azərbaycan-Pakistan əlaqələrinin möhkəmliyinin daha bir epizodu da Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adıyla bağlıdır. Bu böyük xeyirsevər şəxsiyyətin ölkəmizin hüdudlarından kənardakı insanlara verdiyi dəyər insanlıq adına ucaldılan növbəti abidə sayıla bilər.

    Dostluq əlaqələrinin əsasının qoyulması onun adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyiışirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır.

    Hacı Zeynalabdin Tağıyev sadəcə yardımla kifayətlənmir, eyni zamanda problemi dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da öz növbəsində digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf edə bilib.

    Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra Tağıyevin etdiyi xeyirxahlıq nəticəsində bir xalq kimi məhv olmaq təhlükəsinin öhdəsindən gəldiklərini unutmur və bu faktı tarix dərsliyinə də daxil edirlər.

    Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqlı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur.

    Qeyd edək ki, indi də Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. 2007-ci ildə Pakistanda baş verən zəlzələ zamanı bu ölkə Azərbaycandan böyük yardım alıb. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan qırx həkim, xeyli dərman, tibbi avadanlıq və təlim keçmiş xilasedici dəstə Pakistana göndərilib. Eyni zamanda, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım ayrılıb. Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiya həyata keçirilib.

    Heydər Əliyev Fondunun böyük dəstəyi




    Heydər Əliyev Fondu da dost ölkədəki təbii fəlakətə diqqətsiz qalmadı. Fond Müzəffərabad şəhərinin Rara qəsəbəsində orta məktəb tikdirdi. 2008-ci il fevralın 9-da Heydər Əliyev Fondunun tikdirdiyi məktəb şagirdlərin ixtiyarına verildi.

    Pakistan da öz növbəsində ölkəmizi hərbi və siyasi cəhətdən daim dəstəkləyib. Azərbaycanla Pakistan arasındakı diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.

    "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" 1995-ci ildə imzalanıb. Həmin vaxt dost ölkənin prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Həmin sənədlərdən biri də Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol idi.

    1996-cı il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər edib. Görüşdə 9 sənəd imzalanıb.

    2004-cü il iyunun 8-də Pakistan prezidenti Pərviz Müşərrəf Azərbaycanda üçgünlük səfərdə olub. Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə bu səfər çərçivəsində imzalanıb.

    Bir il sonra, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana iki günlük rəsmi səfər edib. Səfər zamanı ölkələrarası münasibətlər müzakirə olunub, 6 əməkdaşlıq sazişi imzalanıb.

    Bundan əlavə, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

    Bir sözlə, Pakistanda və Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq qarşılıqlı münasibətlər daim yüksək səviyyədə olub. 2017-ci ildə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser iki ölkə arasındakı münasibətləri bu cür ümumiləşdirib:

    Azərbaycan:

    – Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləyib və Kəşmirdəki İƏT təmas qrupunda 2012-ci ildən etibarən iştirak edir.

    – Pakistanda 2010-cu və 2011-ci illərdə baş verən daşqınlar zamanı dəyən ziyanın aradan qaldırılmasına 1 milyon dollar həcmində yardım edib.

    – Pakistana müxtəlif sahələrdə kiçik həcmli humanitar yardımlar göstərib.

    – Bakı Dövlət Universiteti Pakistan Prezidentini "Fəxri doktor" dərəcəsi ilə mükafatlandırıb.

    – Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar və institutlarda Pakistanın namizədliyini dəstəkləyir.

    Pakistan:

    – 1992-1993-cü ilin əvvəllərində Azərebaycana 1 milyon dollar həcmində yardım edib.

    – Karaçi-Bakı sektorunda 1993-cü ildə PİA uçuşu başlanılıb. Uçuş bir neçə il ərzində həyata keçirilib.

    – BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin qəbul olunmasında mühüm rol oynayıb. Azərbaycanı bütün beynəlxalq forumlarda, xüsusilə İƏT-də dəstəkləyib.

    – Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıyıb.

    – Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı öz humanitar yardımlarına görə "Hilal-e Pakistan" mükafatı ilə təltif olunub.

    – Pakistan Azərbaycanın müxtəlif beynəlxalq təşkilat və insititularda namizədliyini dəstəkləyir.

    İslam aləminin ilk qadın baş naziri Benazir Bhutto da Azərbaycana olan sevgisini heç vaxt gizlətməyib. O, Pakistanın baş naziri olduğu dövrdə Azərbaycana daim mənəvi dəstək verib. Həmçinin, işğalda olan torpaqlardan didərgin düşən soydaşlarımıza ünvanlanan maddi yardımlar da göndərib.

    Benazir Bhuttonun atası Zülfüqar Əli Bhuttonun yaratdığı Xalq Partiyasının hakimiyyətdə olduğu dövrdə Pakistanda irimiqyaslı humanitar layihələri həyata keçirtdiyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "Şəhid Benazir Bhutto" adına mükafat verilib.

    İki ölkə arasındakı dost münasibətin daha bir simvolu da 2 markadan ibarət poçt blokunun dövriyyəyə buraxılmasıdır. 27 dekabr 2018-ci ildə tədavülə buraxılan poçt markalarının üzərində Bakı şəhərindəki Heydər məscidi və Pakistanın Lahor şəhərində yerləşən Vəzir Xan məscidi təsvir edilib. Poçt blokunda, eyni zamanda, müvafiq olaraq Azərbaycanın və Pakistanın dövlət bayraqları əks olunub.

    Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər