Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı mövqeyini bir daha açıq şəkildə ortaya qoydu

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı mövqeyini bir daha açıq şəkildə ortaya qoydu
  • Siyasət

  • LEQAL.AZ  Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, atəşkəsi pozmamalı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməməli və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.

    Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Prezident İlham Əliyev onu da bildirdi ki,
    Azərbaycan öz ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcək.

    Rusiyada 2 milyondan çox, ABŞ-da 1 milyon yarım, Fransada 700 min, İranda 200 mindən çox, Argentinada 100 min - bu rəqəmlər adıçəkilən ölkələrdə yaşayan erməni icmalarının təxmini sayıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, işğal edilmiş əraziləri də nəzərə alsaq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində maksimum 65 min erməni yaşayır. Hazırda onların böyük bir hissəsi ağır iqtisadı böhran səbəbindən müxtəlif ölkələrə köç edib. Nikol Paşinyan isə əhalinin say artımı problemini Livan və Suriyadan gətirilən ermənilər hesabına həll etməyə çalışır. Bu baxımdan, sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda ağır məğlubiyyətə uğrayan Ermənistan hakimiyyətinin xalqların öz müqəddəratını təyinetmə prinsipindən yapışması, Qarabağ ərazisində yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi naminə bölgəyə Rusiya sülhməramlılarının yeridilməsi ideyası boş cəfəngiyatdan başqa bir şey deyil.

    Prezident İlham Əliyev müsahibədə deyib: “Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.

    Təbii ki, referendum olmayacaq və Paşinyanın dünya güclərinin köməyi hesabına separatçı rejimin tanınması arzusu ürəyində qalacaq. Çünki Ermənistanın güvən yeri sayılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə Qarabağ probleminin İrəvanın qurduğu ssenari çərçivəsində həllinə heç bir dəstək vermir. Vaxtilə rəsmi Bakının Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təkliflərini qulaqardına vuran erməni tərəfinin bu gün separatçı rejimin nəzarəti altında olan ərazilərdə ermənilərin yaşamasını təmin etmək üçün dünya birliyinə yalvarışları məntiqsiz görünür. Bu məntiqə əsaslansaq o zaman daha öncə adını çəkdiyimiz ermənilərin kompakt yaşadıqları dövlətlərin hər birinin öz ərazisində haylara öz müqəddəratını təyin etmək hüququnu tanıması lazım gələcək. Əlbəttə, bu, nonsensdir. Kimsə buna razı olmayacaq. Amma Prezident İlham Əliyev bölgə ermənilərinin mədəni muxtariyyət çərçivəsində Qarabağ ərazisində yaşaya biləcəyinə tam təminat verdiyini bildirib.

    Dövlətimizin başçısı deyib: “Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik”.

    Beləliklə, Ermənistan artıq məğlub tərəfdir və humanitar atəşkəs rejiminin tələblərinə riayət etmədiyindən Azərbaycanın şərtləri ilə barışmaq məcburiyyətində qalacaq.

    Prezident İlham Əliyev: “Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik”.

    Əslində, bu vəziyyət Paşinyan iqtidarının pozucu fəaliyyəti nəticəsində yaranıb. Ermənistanın beynəlxalq aləmdə təklənməsi fonunda rəqibin bütün şərtlərə razı olacağı düşünülsə də, Rusiyaya yalvarışların boşa çıxdığını görən düşmənin indi də Qərb dövlətləri arasında müttəfiq axtarışına başlaması bu problemin həlli variantını sürətlə gündəmdən çıxarır.

    Beləliklə, Prezident İlham Əliyev dünyanın ən nüfuzlu KİV-lərindən biri olan “Nikkei” qəzetinə müsahibəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı mövqeyini bir daha açıq şəkildə ortaya qoydu.
    PAYLAŞ:

    Oxşar xəbərlər