Parisdə fransız jurnalistlərlər üçün növbəti mətbuat konfransı keçirilib

Parisdə fransız jurnalistlərlər üçün növbəti mətbuat konfransı keçirilib
  • Siyasət

  • Bu gün bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişənin beynəlxalq hüquq çərçivəsində, baza prinsipləri əsasında həllini dəstəkləyir.
    Minsk qrupunun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna dair mövqelərini bir daha təsdiqlədilər. Bir çox beynəlxalq təşkilatların, eləcə də BMT-nin rəhbərliyi mülki yaşayış sahəsinin raket atəşinə tutulmasının qəbuledilməz olduğunu bildirdi. Gəncədə yaşayış massivini raket atəşinə tutması ilə Ermənistan özü haqqında yaratdığı mifi elə özü dağıtdı. Gəncə hadisələri münaqişənin əsil mahiyyəti və tərəflər barədə aydın mesaj oldu. Bu hadisələr mətbuat sahəsində də qərəzliliyə son qoydu. Gəncə hadisələrindən əvvəl mətbuat birtərəfli məlumatlar verirdi. Ancaq o hadisələrdən sonra mətbuatın mövqeyində də dönüş yarandı. Gəncədə mülki yaşayış binalarının raket atəşinə tutulması, dinc insanların, uşaqların qətlə yetirilməsi Ermənistan rəhbərliyinin tutduğu mövqeni açıq-aydın əks etdirir.
    LEQAL.AZ xəbər verir ki, bu fikirləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransız jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında ölkəmizin Fransadakı səfir Rəhman Mustafayev deyib.
    Səfir bildirib ki, oktyabrın 17-də Ermənistan ikinci dəfə Gəncənin yaşayış massivini qadağan olunmuş raketlə atəşə tutub. Mülki əhalinin atəşə tutulması qarşı tərəfin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını sübut edir. Ancaq Azərbaycan 27 ildir ki, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə çalışır. Qarşı tərəfin qeyri-konstruktiv mövqeyi bugünkü münaqişəyə gətirib.
    Diplomat 4 həftədir davam edən müharibə, düşmənin mülki əhali və infrastrukturu hədəfə alması, dinc əhali arasında itkilər, döyüş meydanlarındakı vəziyyətlə bağlı ətraflı məlumat verib, Azərbaycanın öz torpaqlarını azad etdiyini bildirib. Diqqətə çatdırıb ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğal edilib, 1 milyondan çox azərbaycanlı doğma yurdundan qovulub. Bu gün onlar öz evlərinə qayıtmağı səbirsizliklə gözləyirlər.
    Sonra jurnalistlərin Türkiyə, Fransa ilə bağlı münasibətlər, eləcə də Xankəndidə yaşayış binalarının zədələnməsinə dair çox saylı sualları cavablandırıb.
    Rəhman Mustafayev qeyd edib ki, Ermənistan döyüş meydanından çox uzaqda yerləşən Gəncədə yaşayış massivini, mülki əhalini hədəfə alaraq, qadağan olunmuş raketlərdən atəşə tutub. Mülki insanların həlak olmasına və yaralanmasına səbəb olub. Ancaq Xankəndidə Azərbaycanın döyüş meydanından uzaqda yerləşən ərazilərində mülki əhalini hədəfə alan raket sistemi zərərləşdirilib. Bildirilib ki, Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi obyektlərə zərbələr endirir.
    Dağlıq Qarabağ ermənilərinin təhlükəsiziliyinə gəldikdə isə bildirilib ki, bu gün Azərbaycanın böyük şəhərlərində 30 minə yaxın erməni 27 ildir dinc şəraitdə yaşayır. Azərbaycan multikultural və çoxkonfessiyalı ölkədir. Bu ölkədə irqindən, dinindən asılı olmayaraq, bütün etnik qruplar birgə mehriban yaşayırlar. Ölkədə dini və ya etnik zəmində heç bir qarşıdurma baş verməyib.
    Sonda səfirliyin mətbuat konfransının hər həftə keçiriləcəyi bildirilib.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər