Dünya mədəniyyəti, həmrəylik və əməkdaşlıq prinsiplərini, habelə regional və qlobal təhlükəsizlik maraqlarını rəhbər tutaraq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası BMT, UNESCO, o cümlədən ATƏT rəhbərləri ölkələrinin və bütün dünyanın beynəlxalq və milli qeyri-hökumət təşkilatlarına ədaləti bərpa etmək və Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təcavüzünü mühakimə etmək xahişi ilə müraciət edib.
LEQAL.AZ xəbər verir ki, müraciətdə deyilir: “Biz Ermənistan və Rusiyanın, ABŞ və Fransanın ziyalılarını və xalqlarını, o cümlədən dünyanın bütün yüksək mədəniyyətli insanlarını xeyir və humanizm, qanun və yüksək etika, meritokratiya və əməkdaşlıq idealları və dəyərləri yolunda çoxmillətli Azərbaycan xalqı ilə onun dövlət suverenliyi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda haqlı mübarizəsində mədəni həmrəylik nümayiş etdirməyə çağırırıq. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupunun otuz ilə yaxın müddətdə davam edən vasitəçiliyi dövründə Ermənistan və Azərbaycanın atəşkəs prosesi gözlənən nəticələri vermədi. Bu səbəbdən, bu gün Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Dağlıq Qarabağ məsələsi üzrə qətnamələrinə əsaslanaraq öz suveren torpaqlarını əlisilahlı Ermənistan işğalçı qoşunlarından azad etməyə məcbur qalmışdır. Bəşəriyyətin təhlükəsizliyinin saxlanması maraqlarında, münaqişə tərəfləri üçün bəyan edilmiş iki beynəlxalq prinsipdən başlıcası – “sərhədlərin pozulmazlığı və ərazilərin bölünməzliyi” prinsipidir ki, “xalqların öz müqəddəratını təyin etmə hüququ” prinsipinə müvafiq olaraq milli azlıqlara muxtariyyət verilməsini yaşadıqları ölkələrin dövlət sərhədləri çərçivəsində nəzərdə tutur. Əks halda bütün dünya əmələ gələn legitim ərazilərin sərhədləri uğrunda bitməyən qanlı müharibələrin, münaqişələrin və geri dönüşü olmayan dağıdıcı proseslərin burulğanına düşər.
Bundan belə qan tökülməsinin qarşısını almaq üçün Ermənistan beynəlxalq hüqunun prinsiplərinə, dünya mədəniyyəti və humanizm prinsiplərinə əməl edərək, Azərbaycana münasibətdə qeyri-konstruktiv siyasətindən əl çəlməlidir. Biz Ermənistan rəhbərliyini Azərbaycana qarşı təcavüzdən imtina etməyə, öz işğalçı qoşunlarını Dağlıq Qarabağdan və suveren Azərbaycan Respublikasının qanunsuz tutulmuş digər ərazilərindən dərhal çıxarmağa və beynəlxalq hüquqi normalarla müdafiə olunan suveren dövlət kimi Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağda Azərbaycanlı və erməni icmaları nümayəndələrinin birgə dinc yaşayışının bərpa edilməsi məsələsi üzrə Azərbaycan rəhbərliyi ilə danışıqlar masasına oturmağa çağırırıq. Erməni xalqının müdrikliyinə ümid edərək, biz onu sağlam düşüncə və xeyirxah iradə göstərərək ölkələrinin hazırki hakimiyyətini Azərbaycan şəhərlərinin dinc əhalisinə qarşı hərbi güc tətbiqindən və Dağlıq Qarabağa qanunsuz iddialarından əl çəkməyə məcbur etməyə, iki xalqın qarşılıqlı hörmət, əməkdaşlıq və gələcəyə nikbin baxış üzərində qurulmuş dinc həyat və mehriban qonşuluq nizamı haqqında düşünməyə çağırırıq. Biz planetin bütün xalqlarını və millətlərini yüksək ruhi mədəniyyətin (əqli mədəniyyət və mənəvi mədəniyyətin) xilası naminə bəşəriyyətin texnogen sivilizasiyanın dağıdıcı proseslərindən, zorakılıqdan, qəddarlıqdan və təcavüzdən xilası üçün səylərini birləşdirməyə səsləyirik. Gəlin, ədalət, yüksək etika və beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, hadisələrə və insanlara onların milliyyətindən, dinindən, doğum yerindən, yaşayış yerindən və peşəsindən asılı olmayaraq obyektiv yanaşaq, birlikdə yeni, ağıl, bilik və xeyrin gücünə əsaslanan humanistik sivilizasiya quraq. Əsrlərlə formalaşmış dini, etnik və ya milli ziddiyyətlərə baxmayaraq müasir dövrün problemlərinə və çağırışlarına insanların təbii mədəni identikliyi prizmasından baxaq. Bu baxış bucağı yüksək ruhi mədəniyyətin etik prioritetidir ki, onun da əsasında bəşəriyyətin bütün dinləri və mədəniyyətləri üçün səciyyəvi olan 3 prinsip - inam, xeyir və ədalət prinsipləri dayanır. Gəlin dünyanın hər bir guşəsində yüksək ruhi mədəniyyəti birlikdə müdafiə edək, çünki yalnız o sülhü və müasir bəşəriyyəti qaçılmaz həlak təhlükəsindən xilas edə bilər”.