Prezidentə yazırlar: Əlil olmasaydım azərbaycanlı qardaşlarımızla birlikdə döyüşüb şəhid olmaqdan şərəf duyardım

Prezidentə yazırlar: Əlil olmasaydım azərbaycanlı qardaşlarımızla birlikdə döyüşüb şəhid olmaqdan şərəf duyardım
  • Siyasət

  • Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc və qürur hissləri ifadə olunan məktublarda dövlətimizin başçısına minnətdarlıq bildirilir, zəfər təbrikləri çatdırılır.

    LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

    Almaniyanın Bonn şəhərində yaşayan Ramil Teymurov yazır: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, biz, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar ölkəmizdə baş verən son siyasi və hərbi prosesləri, Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı qanı və canı bahasına necə işğaldan azad etməsini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsində Ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi mənfur erməni işğalçılarından azad etdi, müstəqil Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunur. Bu mübarizədə biz, hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməli, bununla fəxr etməlidir. Düşmənin hərbi əməliyyatlardan kənarda yerləşən Gəncə şəhərinə və onun dinc əhalisinə edilən raket zərbələrini şiddətlə qınayırıq. Heç bir insani çərçivəyə sığmayan bu hərəkətlər düşmənin zəifliyinin əlamətidir. Gəncə əhalisinə və xalqımıza səbir diləyirik. Möhtərəm Prezident, Sizin siyasi və hərbi iradəniz, xalqımızın birliyi və Ordumuzun əzmkarlığı sayəsində müstəqil Azərbaycanımızın üçrəngli bayrağı tezliklə Qarabağımızın mərkəzi Xankəndi şəhərində dalğalanacaq, regionda sülh və əmin-amanlıq bərpa olunacaq və Azərbaycan xalqı Sizin adınızı tarixə qızıl hərflərlə yazacaqdır. Siz xalqımızın fəxrisiniz. Tanrı Sizi və xalqımızı qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!”.

    Almaniyanın Kassel şəhərindən Şarani Utsiyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizin və Ordunuzun möhtəşəm Qələbəsi münasibətilə təbriklərimi çatdırır, həmçinin minnətdarlığımı bildirirəm. Bu, ümumi qələbəmizdir. Əlil olmasaydım azərbaycanlı qardaşlarımızla birlikdə döyüşüb şəhid olmaqdan şərəf duyardım. Qələbənizlə məni xoşbəxt bir insan etdiniz. Allah Sizi xeyirlə mükafatlandırsın! Əmin olun ki, çeçen xalqı həmişə Sizin yanınızda olacaq”.

    Beyləqan sakini Sahilə Fərmanova: “Müzəffər Ali Baş Komandan, Azərbaycanımızın şərəfli tarixində misli görünməmiş uğurlu addımlarınıza görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətinizlə, fenomen şəxsiyyətlərə xas idarəetmə bacarığınızla nəinki Azərbaycan tarixinə, dünya tarixinə silinməz İlham Heydər oğlu Əliyev imzası atdınız, müqəddəs torpaqlarımızın xilaskarı oldunuz. Siz xalqın ürəyində qurulan sevgi taxtını zirvələrə ucaltdınız. Qürurumuz, fəxrimiz, inam yerimiz oldunuz. Çıxışlarınızla vüqarlı, cəsur xalq olduğumuzu hər dəfə isbat etdiniz. Tanrı Sizi, cəsur, yenilməz Ordumuzu qorusun. Tanrı Sizi, ailənizi bəd nəzərdən, xətadan, bəladan hifz etsin. Var ol, yaşa Prezidentim! Nə qədər ki, Siz varsınız, biz də varıq. Bütöv Azərbaycan var. Dünyaya isbatladığınız haqqınız mübarək! Qarabağ Azərbaycandır!”.

    Bakı şəhər sakini Həbib Əhmədli: “Müzəffər Ali Baş Komandan, mən 258 nömrəli məktəbin 3b sinif şagirdiyəm. Sizi şanlı Qələbəmiz münasibətilə təbrik edirəm. Sizinlə və müzəffər Ordumuzla fəxr edirəm. Böyüyəndə mən də hərbçi olmaq, Vətənimin keşiyində dayanmaq istəyirəm. Cənab Prezident, istərdim ki, Şuşanın ən yüksək bir yerində torpaqlarımızı işğaldan azad etmiş qəhrəmanlarımıza abidə ucaldılsın. Mən Sizi çox sevirəm və çox xoşbəxtəm ki, bizim ölkəmizə Sizin kimi müdrik şəxsiyyət rəhbərlik edir. Qarabağ Azərbaycandır!”.

    Ağdam sakini Eliza İsayeva: “Cənab Prezident, mən bu məktubu Sizə sevinc göz yaşları ilə yazıram. Üzümü Allaha tutub deyirəm: “Nə yaxşı ki, mənim xalqıma Sizin kimi sadə, alicənab, Vətəninə bağlı, xalqını sevən belə bir rəhbər bəxş edib”. Tanrı Sizi qorusun cənab Ali Baş Komandan! Siz və Sizin başçılıq etdiyiniz Milli Ordumuzun sayəsində xalqımızın 27 illik torpaq həsrətinə son qoyuldu. Mənə də uşaqlıq və gənclik illərimin xatirəsi olan doğma Ağdam torpağına qovuşmaq nəsib oldu. Cənab Prezident, Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanımın işğaldan azad olunmuş torpaqlarımıza gəlişiniz xalqımızı çox sevindirir. Siz Ağdamda Cümə məscidinə Məkkədən gətirdiyiniz “Qurani-Kərim”i bağışladınız və çıxışınızda qeyd etdiniz ki, Məkkədə ziyarətdə olarkən işğal altında olan torpaqların azad edilməsi üçün dua etmisiniz. Şükürlər olsun ki, bu arzunuz həyata keçdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Sizin kimi ölkə başçısı var. Azərbaycan xalqı Sizə inanır. İnanırıq ki, xarabalığa çevrilmiş torpaqlarımız gülüstana çevriləcək. Bütün bunları həyata keçirmək üçün Tanrıdan Sizə və Sizin ətrafınızda sıx birləşən xalqımıza güc-qüvvət diləyirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

    Salyan sakini Zərnişan Abbasova: “Hörmətli cənab Prezidentimiz və Ali Baş Komandanımız, torpaqlarımızın işğaldan azad olunması münasibətilə Sizi, ailənizi, Ordumuzu və xalqımızı təbrik edirəm. Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin göstərdiyiniz şücaət, düzgün siyasətiniz sayəsində Ordumuz Qələbə qazandı və 30 illik həsrətə son qoyuldu. Allah Sizə möhkəm cansağlığı versin. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

    Mingəçevir şəhər sakini Mayis Abdullayev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizi, bütün ailə üzvlərinizi və Azərbaycan xalqını torpaqlarımızın azad olunması və böyük Qələbə münasibətilə təbrik edirəm. Cənab Prezident, bu Qələbəyə görə biz Sizə, şanlı Ordumuzun bütün zabit və əsgərlərinə borcluyuq. Allah Vətən uğrunda canından keçmiş bütün qəhrəman şəhidlərimizə rəhmət eləsin! Mən şəhidlərimizin müqəddəs ruhları, onların valideynləri qarşısında baş əyirəm. Cənab Prezident, 30 ildir bizlər özümüzü çox günahkar hesab edirdik, sınmışdıq, başıaşağı gəzirdik. Üzdə deyib-gülsək də, qəlbən ağlayırdıq, əzab çəkirdik. Xalqımızda bir ruh düşkünlüyü var idi. Çox sağ olun ki, Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz. Cənab Prezident, Siz erməni vandallarına sübut etdiniz ki, millətimiz qorxmaz, döyüşkən, mübariz və lazım gələrsə, istənilən düşmənin başını yumruqla əzməyə qadir olan millətdir. 68 yaşıma və 2-ci qrup əlil olmağıma baxmayaraq, mən də səfərbərliyə alınmaq üçün müraciət etmişdim. Uca Allah Sizə uzun ömür, cansağlığı versin. Allah Sizi bu millətə çox görməsin. Arzu edirəm ki, Siz ömürlük Prezident seçiləsiniz”.

    Ucar rayonundan Zəka Binyətov: “Müzəffər Ali Baş Komandan, əvəzolunmaz Sərkərdə, Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. İllərdir gözü yolda qalan torpaqlarımız Sizin və müzəffər Ordumuz sayəsində işğaldan azad olundu. Halal olsun Sizə, Ali Baş Komandanımız! Siz bütün xalqın iftixarısınız. Azərbaycan Fatehi, Allah Sizə uzun ömür, cansağlığı versin. Yaşasın ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz İlham Əliyev! Ulu Öndərimiz Azərbaycan xalqını xilas etdi. Siz də ərazi bütövlüyümüzü bərpa etdiniz. Var olun, cənab Prezident! Eşq olsun Ali Baş Komandanımıza!”.
    PAYLAŞ:

    Oxşar xəbərlər