Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-23-də Özbəkistanda səfərdə olacaq.
Leqal.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər proqramına əsasən, Daşkənddə Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə yüksək səviyyəli danışıqların və dövlətlərarası ali şuranın ilk iclasının keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, strateji tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi məsələləri sammitin gündəliyinə daxil edilib.
Qarşılıqlı ticarətin artırılması, yeni əməkdaşlıq layihələri portfelinin formalaşdırılması, işgüzar əlaqələrin, o cümlədən regionlararası mübadilənin inkişafı, nəqliyyat-kommunikasiya potensialının reallaşdırılması, mədəni-humanitar əlaqələrin aktivləşdirilməsi və digər məsələlər diqqət mərkəzində olacaq.