Nizamlama prosesi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır

Nizamlama prosesi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır
  • Siyasət

  • Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə əsasında, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll olunmalıdır. Bu, beynəlxalq hüququn tələbidir və tam şəkildə yerinə yetirilməlidir. BMT-nin sənədlərində təcavüzkara çox aydın deyilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını təmin etsin. Ancaq ATƏT-in Minsk qrupu bu qətnamələrin yerinə yetirilməsi üçün heç nə edə bilməyib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib. Azərbaycan lideri Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində də münaqişənin həlli üçün atılmalı olan addımlardan danışıb.

    Bununla bağlı fikirlərini açıqlayan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ələşrəf Niftiyev bildirdi:

    – Azərbaycan Prezidentinin son zamanlar milli maraqlarımı­zın təminatı istiqamətində həyata keçirdiyi böyük tədbirlər bütün ölkə ictimaiyyəti kimi, Masallı camaatının da ürəyindən xəbər verir. Əlbəttə, bütün Azərbaycan xalqı bu gün dövlət başçısının siyasətini ürəkdən dəstəkləyir ki, uzun illərdən bəri pozulmuş ərazi bütövlüyümüz bərpa olunsun. Bunun üçün insanlarımız hər şeyə hazırdır. Gənclərimiz ordu sıra­larında düşmənə zərbələr vurur, mülki əhali gecə-gündüz dualar edir ki, cəbhədə uğur qazanaq, imkanı olan orduya dəstək məqsədilə Müdafiə Fonduna kömək edir. Yeri gəlmişkən, elə bizim Masallı camaatı da ordu­muza maddi və mənəvi dəstəyini əsirgəmir.

    Amma əsas məsələ Azərbaycanın müdrik rəhbəri İlham Əliyevin diplo­matik cəbhədə qazandığı uğurlardır. Onun müsahibələri bizə görülmüş tədbirlər, qarşıda duran vəzifələr, münaqişənin ədalətli həlli ilə bağlı ətraflı məlumat verir. Dövlət baş­çısı “İnterfaks”a müsahibəsində də bu barədə geniş söhbət açıb. O, haqlı olaraq Minsk qrupunun münaqişənin nizamlanmasına töhfə verə bilmədiyini, siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında əməkdaşlığın han­sısa yeni mexanizmlərinin yaradıl­malı olduğunu bildirib. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin də eyni fkirləri söyləyib. Yəni nizamlama prosesində Rusiya və Türkiyənin iştirakı məsələsi olduqca aktualdır və zənn edirik ki, səmərəli ola bilər.

    Azərbaycan Prezidenti bu barədə deyib: “Bu, bizim üçün məqbul olardı. Ona görə ki, həm Rusiya, həm də Türkiyə bizim qonşuları­mızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq poten­sialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıq­lı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, re­gional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremiz­minin bizdən ötrü – təkcə bizdən ötrü deyil, regiondan ötrü – əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi”.

    Biz, sadə Azərbaycan vətəndaşları da dövlət liderimizin bu fikirlərini dəstəkləyirik və inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Rusiya və Türkiyənin birgə səyləri ilə ədalətli həllini tapa bilər. Bu gün təcavüzkar və terrorçu Ermənistanı dəstəkləyən Fransa kimi dövlətlər münaqişənin həllinə nə kömək edə bilər?! Masallı camaatı bu məsələdə də öz Prezidenti ilə həmrəydir.

    Paşa Əmircanov, “Xalq qəzeti”
    PAYLAŞ:

    Oxşar xəbərlər