Paşinyanla Arutyunyan “saman çöpləri”ndən yapışırlar

Paşinyanla Arutyunyan “saman çöpləri”ndən yapışırlar
  • Siyasət

  • Azərbaycan Silahlı Qüvvələrinin haqq savaşı uğurla davam edir. Otuz ildən bəri düşmən işğalı altında olan əzəli torpaqlarımızın xeyli hissəsi bir ay ərzində azad olunub. Xalqımızın günbəgün güclənən qələbə əzmi tezliklə bütün ərazilərimizin düşməndən tamamilə təmizlənəcəyi inamını daha da artırır.

    Biz müharibə, ölüm-itim istəyən xalq deyilik. Elə ötən bir ay ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bu münaqişənin nizamlanmasının hərbi fazadan siyasi müstəviyə keçməsini istəyirik. Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimi­ni artıq dəfələrlə kobud şəkildə pozub, azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir.

    Dövlətimizin başçısı oktyab­rın 28-də Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəsində müharibənin dayandırılmasının, münasibətlərin məhz danışıqlar masası arxasında aydınlaşdı­rılmasının mümkünlüyünü bir daha vurğulayıb: “Bu ay ərzində mən Azərbaycan xalqına müraciətlərimdə, habelə çox­saylı müsahibələrimdə dəfələrlə demişəm ki, biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxar-maq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayacaqlarını anlamaları üçün bu, kifayətdir. Lakin təəssüf ki, onlar dediyim kimi, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruk­tiv yanaşma nümayiş etdirirlər. Bunu nəzərə alaraq biz, əlbəttə, gələcək fəaliyyətimizi planlaş­dıracağıq. İşğal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub”.

    İki ildən bəri Ermənistana rəhbərliyi əlinə keçirmiş Nikol Paşinyan artıq bütün dünyada “nala-mıxa döyən”, işğal olunmuş əzəli Azərbaycan ərazilərini əldən verən və doğma xalqını dərin uçu­ruma sürükləyən başsız baş nazir kimi tanınır. Onun terrorçu olaraq tanınmış sələfləri – Robert Koçar­yan və Serj Sarkisyan heç olmasa, “mələk” donu geyinib beynəlxalq prinsip və normalara sadiqlik, sülhpərvərlik görüntüsü yaratma­ğa çalışırdılar. “Xeyirsevər” Corc Soros fondunun bu bic övladı isə hakimiyyətə yiyələndikdən sonra xalqa verdiyi vədləri unudaraq, səfeh qərarları, ədabaz davranış­ları, heç bir diplomatik ölçüyə sığ­mayan absurd bəyanatları ilə çox tezliklə Ermənistanın olan-olmaz mövqelərini də laxlatmış, ölkəsinin təcavüzkar ölkə, dövlətinin faşist ideologiyalı quldur rejim olduğunu bir daha təsdiqləmişdir.

    İndi artıq erməni başbilənlərinin də çoxu Paşinyanı öz ölkəsini çox acınacaqlı duru­ma məruz qoyduğuna, qondar­ma Dağlıq Qarabağı ermənilər üçün cəhənnəmin qır qazanına çevirdiyinə görə ciddi şəkildə qına­yır, tənqid-təhdid edir və nə qədər ki, gec deyil, hakimiyyəti təhvil verməyə çağırır. Populist, sərsəm şüarlar səsləndirməkdən şizofre­nik zövq alan, bu gün söylədiyi ilə dünən dediklərini inkar edən, yersiz oyunbazlıqları, təhqiramiz addımları ilə daim dünyanın normal düşüncə sahiblərində qıcıq yaradan, xüsusilə də Qa­rabağ münaqişəsində qarşı tərəf olan Azərbaycana, guya, acıq verən nadürüst Nikol indi bütün bunların təbii nəticəsi olaraq baş-gözünə döyməkdə, yumşaq desək, nankorluq edərək xətrinə dəydiklərindən acizanə şəkildə imdad diləməkdədir. Sentyabrın 27-də erməni silahlı qüvvələrinin növbəti dəfə cəbhəboyu atəşkəs rejimini pozması ilə səbr kasası daşan Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarına başlaması, düşmən tərəfi çox­saylı itkilərə məruz qoyması və bir-birinin ardınca yaşayış məntəqələrini işğaldan azad etməsi, zəfər yürüşünün davamı onu çətin məğlub duruma, şahmat dili ilə desək, çıxılmaz seytnotapat vəziyyətinə salmışdır.

    Ermənistanın səfeh baş naziri bir gün deyir ki, diplomatik danışıqların heç bir mənası yoxdur. Ertəsi gün danışıqlar masası arxasına oturub qarşılıqlı güzəştlərə getməyə hazır oldu­ğunu söyləyir. Daha sonra isə bəyanat verir ki, erməni xalqını heç kim diz çökdürə bilməz, sonadək döyüşəcəyik. Gah onun əmri ilə Xankəndi və Şuşadakı ermənilərə “haydı, Hayastana qaçın!” məsləhəti verilir, gah da yollarda hərbi və polis postları qurulur ki, heç kəs Qarabağı tərk etməsin. Aylıq 600 dollara xaricdən silahlı PKK muzdlu­larını cəlb edir və eyni zaman­da, həyasızcasına banlayıb-bəyanlayır ki, Azərbaycan tərəfdən türkiyəli və suriyalı əcnəbilər vuruşurlar. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında özünün tam üstünlüyünü sübut edincə, qəhrəman əsgərlərimizin odlu nəfəsi nikolların və arayiklərin kürəyində hiss olunan, qisas silahları başlarına dirənən kimi isə haramçılıq yolu ilə yaradılmış Ermənistan və qondarma Artsax rəhbərliyi tərəfindən qarşıdurma­nı təcili dayandırmaq çağırışları səslənir.

    Erməni yazıçısı Aleksandr Şirvanzadənin “Xaos” adlı bir romanı vardı. Göründüyü kimi, bu söz onların düçar olduğu və mənasını yaxşı anladıqları bir leksik vahiddir. Düşmən ölkədə xaos o həddə çatıb ki, “Başabəla Paşabala”nın zövcəsi, ölkəsinin üzdəniraq birinci ledisi Anna Akop­yan da bir tərəfdən öz qardaşının əli ilə Ermənistanın varidatını mənimsəyib xarici banklara ötürür, digər tərəfdənsə müharibə mey­danında tam iflasa məhkum ərinin başına ağıl qoymaq əvəzinə, snayper qadınlar batalyonu yaradaraq Qarabağa göndərmək təşəbbüsündə bulunur. Canlı döyüş qüvvəsi tükənincə, Nikol dərhal sərəncam verir ki, dişləri tökülmüş qocalar da daxil, hər kəs səfərbərliyə alınsın, bundan imtina edənlər ciddi cəzalandırılsın. Aqibət isə bu olur ki, paslı və xarab “Kalaşnikov” avtomatları atəş açmayan, hərbi geyimi və yemək təminatı olmayan bədbəxt erməni hərbi mükəlləfiyyətliləri qırğına verilir.

    Ötən həftələrdə Moskvada və Vaşinqtonda razılaşdırılmış humanitar atəşkəs rejimi dərhal da Ermənistan ərazisindən azğın düşmənin münaqişə zonasından uzaq Gəncəyə və Bərdəyə bal­listik raketlər atması ilə pozulub. Bunun nəticəsində neçə-neçə dinc sakinizimiz, uşaqlar həlak olub. Artıq onların sayı 70-ə çatır, 300-dən çox vətəndaşımız ağır yaralanıb. Əlbəttə, biz cavab olaraq, analoji addım atmır, beynəlxalq humanizm prinsiplərinə əməl edərək, yalnız düşmənin hərbi atəş nöqtələrini hədəf alır və son dərəcə dəqiqliklə məhv edirik. Ali Baş Komandanımız bu barədə fikirlərini İnterfaks agent­liyinin müxbirinə də açıqlayıb: “Atəşkəsə riayət edilməməsi bizim təqsirimiz deyil. Buna görə erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaq­ları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Baza prinsipləri bizim tərəfimizdən qəbul edilib, ermənilər tərəfindən rədd edilib. Lakin Ermənistanın baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər”.

    İstər davakar bəyanatlar verən Ermənistanın baş naziri Nikol Paşinyan, istər qondarma Dağlıq Qarabağ Respublikasının prezi­denti Arayik Arutyunyan, istərsə də onlara qol-qanad verənlər sanki unudublar ki, işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Cenevrə konvensi­yasının pozulması halları sırf hərbi cinayət sayılır. Dinc şəhərlərimizə kasetli raketlər və döyüş sursatları ilə hücumlar ara vermir. Bu ritorika heç cür başa düşülən deyil, bunu heç ritorika da adlandırmaq olmaz. Rusiyalı jurnalist, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov öz video-müraciətində Paşinyan rejiminin tamamilə nasist rejimə çevrildiyini bildirərək deyib: “Bu, əclaflıqdır. Cəbhədə qalib gələ bilmirsən deyə, dinc əhalini öldürməlisən? Əgər savaşırsansa, döyüş meydanında mübarizə apar, ya qalib gəl və ya da təslim ol”.

    Bir sıra ünlü ekspertlər də bənzər fikirlərini bildirirlər. Məsələn, rusiyalı politoloq Sergey Markov Bərdə təxribatını əsl vəhşilik və terror aktlarının təzahürü, hərbi cinayət adlan­dırıb. Litvalı jurnalist Vidmantas Balkunas isə Xankəndi və Şu­şada yaşayış yerlərində, mülki obyektlərin yanında raket qurğu­larının yerləşdirildyindən yazıb. Amma təəssüf ki, bütün bunları görən dünya birliyi əsas etibarı ilə hələ də susmaqdadır. Oyun qaydalarına əməl etməyənlərinsə əl-qolu açılır. Amma onlar da artıq bilməlidirlər ki, Azərbaycan Ordu­su həmin əl-qolu birdəfəlik bağla­maq, sındırmaq iqtidarındadır.

    Onu da qeyd edək ki, Ermənistan Bərdədə mülki əhalini hədəf almaqla Cenevrədə planlaş­dırılmış görüşü də sabotaj edib və bununla Fransa, Rusiya və ABŞ-a gözlənilməz, naqolay zərbə vurub.

    İmitasiya fəaliyyəti ustası kimi təkcə Paşinyan tanınmır. Onun “kiçik qardaşı” Arayik Arutyunyan böyük “axper”indən heç də geri qalan deyil. Açıq şəkildə bildirir ki, Şuşa Qarabağ ermənilərinin ürəyidir və onlar bircə qarış belə torpaq verməyəcəklər. Sonra da Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayaraq ilan dili çıxarır ki, təcili olaraq davanı dayandırın, qırılıb batırıq. Yeri gəlmişkən, qondarma DQR rəhbəri eyni məzmunlu müraciəti Paşinyana da göndərib, amma məlum mülahizələrə görə, Yere­van bunu üzə çıxarmayaraq ört-basdır edib. Beləcə, qeyri-ardıcıl bəyanat və hərəkətlər baş alıb gedir. Diversiya qruplarının Qara­bağa göndərib güdaza verilməsi faktlarını da açıb-ağarda bilmirlər. Arayik sərhədlərin o üzündəki həmsoylarına da həyəcan dolu çağırış edib ki, erməni qala-şəhəri (!?) olan Şuşaya axışıb gəlin ki, onu düşmən pəncəsindən xilas edək, gözləyirik.

    Ən gülünc məsələlərdən biri də budur ki, qondarma DQR-in rəhbəri sadəlövh saydığı camaatı­nı ruhlandırmaq üçün Qarabağda vuruşan ayrı-ayrı hərbi caniləri və terrorçuları üç-beş gündən bir geydirmə “Artsax qəhrəmanı” adları, “Qızıl xaç” ordenləri ilə təltif edir. Əcəba, dünyanın heç bir ölkəsinin, hətta Ermənistanın özü­nün belə tanımadığı və artıq ölüm ayağında olan qondarma rejimin fəxri ad və digər təltiflərinin nə kimi hüquqi əsası varmış? Bu, “tələdəki pendir”dən başqa bir şey deyil.

    Əli Nəcəfxanlı, “Xalq qəzeti”
    PAYLAŞ:

    Oxşar xəbərlər