Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Litvanın ali təhsil müəssisələrinin azərbaycanlı məzunları ilə görüş keçirilib. Tədbirdə dövlət və özəl sektorlarda fəaliyyət göstərən Litva universitetlərinin məzunları iştirak ediblər.
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kęstutis Vaškelevičius çıxış edərək bildirib ki, Azərbaycan və Litva geniş tarixi əlaqələrə malik olmaqla yanaşı, bu gün strateji tərəfdaş ölkələrdir. O, Litvanın ali təhsil sisteminin uğurları barədə statistik məlumatlar təqdim edib və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, görüşün əsas məqsədi mövcud əlaqələri qorumaq, məzunlar arasında əməkdaşlığı gücləndirmək və yeni imkanlar yaratmaqdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təşkilat-Nəzarət İdarəsinin rəisi Həsən Məmmədzadə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə xaricdə təhsilə göstərilən dövlət dəstəyi nəticəsində çoxsaylı azərbaycanlı gənclərin Litvanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazandığını bildirib. O, 2012–2017-ci illərdə Azərbaycanın Litvadakı səfiri kimi fəaliyyət göstərdiyi dövrdə tələbələr arasında həmrəyliyin gücləndirilməsi, onların ictimai və mədəni fəaliyyətlərə cəlb olunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Həmin dövrdə Litva Azərbaycanlı Gənclər Təşkilatının yaradılması və üzvlərinin müxtəlif layihələrdə ölkəmizi uğurla təmsil etməsi xüsusi vurğulanıb.
Tədbirdə Milli Məclisin Azərbaycan–Litva Parlamentlərarası İşçi Qrupunun rəhbəri Nəsib Məhəməliyev, qrupun üzvü Kamran Bayramov, Azərbaycan Baltik Məzunları Şəbəkəsinin təsisçisi Xıdır Kazımov və digər məzunlar çıxış edərək bu cür görüşlərin əhəmiyyətini, mövcud əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Tədbir respublika və beynəlxalq müsabiqələr laureatları, TÜRKSOY-un solistləri, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərindən ibarət “Vətən” Muğam Qrupunun musiqi proqramı ilə davam edib.
Sonda qrupun üzvləri – xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbəliyev, kamança ifaçısı Pərviz Fərhadov və nağara ifaçısı Elnur Əliyev Azərbaycan–Litva dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdikləri töhfələrə görə Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kęstutis Vaškelevičius tərəfindən diplomlarla təltif olunublar.




