Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
Belə heykəltəraş, rəssamlardan biri də İlqar Balayevdir. Bu dəfə o, Xalq rəssamı Oqtay Sadıqzadənin büstünü dəqiqliklə yaradaraq ərsəyə gətirmişdir.
Qeyd edək ki, Oqtay Sadıqzadə 21 fevral 1921-ci il Xızıda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri- yazıçı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə 93 yaşında Bakı şəhərində vəfat etmişdir.
Xatırladaq ki, rəssam İlqar Balayev Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkının müəllifdir.
Müəllif: LEQAL.AZ