Azərbaycan Yazıçılar Birliyində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan on cildlik “Azərbaycan ədəbiyyatı tarixi” Xalq yazıçısı Anarın sədrliyi ilə müzakirə edilib.
Müzakirəni Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan on cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin nəşr edilməsini yüksək qiymətləndirdiyini bildirib. O, XX əsrdə hazırlanmış ədəbiyyat tarixlərinə salınmayan, daha çox türk xalqlarının ortaq mirası hesab edilən Yunus Əmrə, Pir Sultan Abdal kimi şairlərin bu çoxcildlikdə oçerk kimi yer almasını müsbət qiymətləndirib.
AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli on cidlik haqqında məruzə xarakterli çıxış edib. Akademik İsa Həbibbəyli tarixə nəzər salaraq, uzun illər ərzində Azərbaycan ədəbiyyatı tarixinin yazılması istiqamətində görülən işlərlə bağlı məlumat verib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi ənənəyə, milli və elmi maraqlara əsaslanaraq, 2014-cü ildən həyata keçirilməkdə olan yeni dövrləşdirmə konsepsiyası əsasında hazırlanan on cilddə Azərbaycan ədəbiyyatı tarixinin yazılması və nəşri prosesi ilə bağlı danışıb.
Akademik İsa Həbibbəyli artıq çap olunmuş yeddi cildlə bağlı sualları cavablandırıb və qeyd edib ki, hazırda nəşrə hazırlanan Sovet dövrü və müstəqillik dövrü Azərbaycan ədəbiyyatına aid olan VII və X cildlərlə bağlı nəzəri məsələlərin müzakirəsinə və bir sıra portret oçerklərin harada verilməsi ilə əlaqəli fikir mübadiləsinə ehtiyac var.
Müzakirədə təxmini son yüz ildə yaranmış ədəbiyyatımızdakı ideoloji istiqamətlər və onların təhlil prinsipləri, dövrlərin adlandırılması və portret oçerklərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Xalq yazıçısı Elçin yazıçılarla belə bir müzakirənin təşkil edilməsinin yaxşı bir hadisə olduğunu qeyd edib. Məsələlərə öz münasibətini bildirməklə yanaşı, Xalq yazıçısı Elçin Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslıq elminin də tarixinin yazılmasının zəruri olduğunu bildirib. Ədəbiyyat İnstitutunun belə bir işi yerinə yetirməsinin vacibliyini qeyd edib.
Müzakirələrdə Xalq yazıçıları Anar, Elçin, Xalq şairi Nəriman Həsənzadə, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, AYB-nin əməkdaşı, filologiya elmləri doktoru Gülxani Pənah, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və AYB Mətbuat xidmətinin rəhbəri Xəyal Rza iştirak ediblər.
Sonda çıxış edən Xalq yazıçısı Anar çoxcildik Azərbaycan ədəbiyyatı tarixinin müzakirəsinin Ədəbiyyat İnstitutundan kənarda ilk dəfə məhz Azərbaycan Yazıçılar Birliyində keçrilməsini yüksək qiymətləndirib. O, Azərbaycan ədəbiyyatı tarixinin yeni dövrləşdirilməsinin və bu konsepsiyaya uyğun olaraq yazılan çoxcildiyin nəşrə hazırlanmasını ədəbiyyatımızın çoxəsrlik tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik hadisə olduğunu vurğulayıb.
www.leqal.az