AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • Cəmiyyət / Maraqlı

  • Yanvarın 12-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov və aidiyyəti şəxslər iştirak ediblər.

    İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıb.

    Sonra akademik Ramiz Mehdiyev tərəfindən akademiklər Məhərrəm Babayev və Qərib Məmmədova, AMEA-nın müxbir üzvləri Təhsin Mütəllimov və İsmayıl İsmayılova yubileyləri münasibətilə, Ülkər Hüseynovaya və filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova isə AMEA-nın “Elm və həyat” jurnalının fəaliyyətindəki xidmətlərinə görə AMEA-nın Fəxri fərmanı təqdim olunub.

    İclasda daha sonra AMEA-nın Kimya Elmlər Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev bildirib ki, 2021-ci ildə bölmənin institutlarında 12 problemi əhatə edən 42 mövzu və 118 iş üzrə tədqiqatlar aparılıb və 66 iş tamamlanıb.

    Akademik AMEA-nın Kimya Elmləri Bölməsinin elmi müəssisələri və respublikanın kimya elmləri sahəsində digər elm və təhsil müəssisələrində fundamental və tətbiqi elmi tədqiqatlar sahəsində 22 mühüm elmi nəticənin əldə edildiyini söyləyib. Həmçinin bölmənin institutları tərəfindən təklif edilən 4 tətbiqi xarakterli işin müxtəlif təşkilatlarda sınaqdan keçirildiyini, müsbət nəticələrin əldə olunduğunu vurğulayıb. Həmin işlərdən bir neçəsini təqdim edən akademik D.Tağıyev bildirib ki, “Qarabağ-4” bitki boy stimullaşdırıcısı Tərtər rayonunun 4 hektar tinglik sahəsində tətbiq olunub və bitkilərin kök sisteminin və gövdəsinin böyük fərqlə inkişaf etdiyi aşkarlanıb. O cümlədən “Baku Steel Company” MMC-də valların işlək hissəsinin hazırlanmasında istifadə olunan ağ çuqunun burulmağa və sınmağa qarşı davamlılığını artırmaq üçün keçid metalları ilə legirləşmiş funksional xassəli çuqun alınıb. Bundan əlavə, yerli xammal əsasında hazırlanmış kompleks üzvi-mineral gübrənin Saatlı rayonunda yerləşən pambıq sahəsində tətbiq edildiyini diqqətə çatdırıb.

    Natiq, həmçinin hesabat dövründə bölmənin institutlarının əməkdaşları tərəfindən hazırlanmış 21 monoqrafiya, kitab və dərsliyin çapdan çıxdığını, 841 məqalə və tezisin (474-ü xaricdə) nəşr olunduğunu, 259 məqalənin “Web of Science” və “Scopus” bazasına düşən jurnallarda işıq üzü gördüyünü, 64 məqalənin isə “Clarivate Analytics” bazasının Q 1 - Q 4 qruplarında yer aldığını vurğulayıb. Akademik Dilqəm Tağıyev akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ingilis dilində nəşr olunan “Azerbaijan Chemical Journal” və “Chemical Problems” jurnallarının “Scopus” bazasına daxil edildiyini də bildirib.

    Alim çıxışında eyni zamanda 38 Azərbaycan və 2 Avrasiya patentinin, eləcə də 6 qrantın alındığını söyləyib və bölmənin institutları ilə təhsil müəssisələri arasındakı münasibətləri, beynəlxalq elmi əlaqələri, təltif və mükafatları və digər məlumatları slayd vasitəsilə iclas iştirakçılarına təqdim edib.

    Hesabat dinlənildikdən sonra çıxış ətrafında geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov hesabatın idarənin əməkdaşları tərəfindən yoxlanıldığını və qənaətbəxş olduğunu diqqətə çatdırıb.

    Daha sonra AMEA Rəyasət Heyəti tərəfindən hesabat qəbul olunub və müvafiq tövsiyələr verilib.

    İclasın gündəliyində yer alan digər məsələ AMEA-nın Gəncə Bölməsinin 2021-ci il üzrə elmi və elmi təşkilati fəaliyyəti haqqında olub. Onlayn bağlantı vasitəsilə hesabatı təqdim edən bölmənin sədri, akademik Fuad Əliyev 2021-ci ildə qurumun elmi müəssisələrində “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın, “Azərbaycan elminin inkişaf doktrinası”nın, AMEA-nın Ümumi yığıncağının təsdiq etdiyi müddəaların və Dövlət proqramlarının əsasında elmi-tədqiqat işlərinin həyata keçirildiyini deyib.

    O, bölmənin institutlarında hesabat ilində 13 problemə aid 23 mövzu üzrə 30 elmi-tədqiqat işinin aparıldığını, 14 iş və 41 mərhələnin tamamlandığını, 1 patent və 7 mühüm nəticənin alındığını söyləyib. Bildirib ki, 2021-ci ildə Gəncə Bölməsinin əməkdaşları tərəfindən 7 kitab, 4 monoqrafiya, 2 dərslik, 92 məqalə (31-i xaricdə), 75 tezis (17-si xaricdə) dərc olunub, bölmə əməkdaşlarının əsərlərinə beynəlxalq elmi bazalarda 198 dəfə istinad edilib.

    Bölmənin mühüm nəticələrini təqdim edən alim Naftalan nefti və tullantılarını kanserogen birləşmələrdən təmizləmək məqsədilə yerli materiallar - bentonit-seolit əsasında yeni tərkibli adsorbentlərin hazırlandığını, onların adsorbsiya xüsusiyyətlərinin tədqiq edildiyini diqqətə çatdırıb. Həmçinin texniki məqsədlər üçün istifadəsi mümkün olan polietilen tullantısından və Yuxarı Ağcakənd yatağı gipsindən optimal nisbətdə keyfiyyətli kompozisiya materialının alındığını vurğulayıb. Eyni zamanda Qərb bölgəsi bitkilərindən boyaq maddəsinin ayrılması və boyanma xüsusiyyətlərinin tədqiq edildiyini, Korçay Dövlət Təbiət Qoruğunda isə 15 fəsilə və 30 cinsə dахil оlаn 56 növ mаmırın yаyılmasının müəyyənləşdirildiyini bildirib.

    Alim, həmçinin “Nizami Gəncəvi İli” çərçivəsində görülən işləri və digər məlumatları diqqətə çatdırıb.

    Hesabat dinlənildikdən sonra çıxış ətrafında müzakirələr aparılıb və Rəyasət Heyətinin qərarı ilə hesabat qəbul olunub, müvafiq qərarlar verilib.

    Tədbirdə daha sonra bir sıra kadr məsələlərinə baxılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə Rəyasət Heyəti aparatının Kadrlar və Daxili audit və nəzarət şöbələri birləşdirilib və Qarabağ müharibəsi veteranı Natiq Mehdiyev həmin şöbənin, İqbal Qəhrəmanov isə Xüsusi şöbənin müdiri təyin olunublar.

    İclasda, həmçinin 2022-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-təşkilati tədbirlərin planı təsdiqlənib.

    Yığıncaqda qeyd olunan məsələlər ətrafında akademiklər - Arif Həşimov, İradə Hüseynova, Rasim Əliquliyev, Fikrət Əliyev və Adil Qəribov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək Azərbaycan iqtisadiyyatına töhfə verəcək tətbiqi xarakterli işlərə üstünlük verilməsi, respublikada elmi tədqiqatların əlaqələndirilməsi sahəsində işin gücləndirilməsi və digər məsələlər barədə müvafiq tapşırıqlarını verib.


    Müəllif: LEQAL.AZ









    PAYLAŞ:

    Oxşar xəbərlər