Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində Qarabağda faydalı qazıntı yataqlarının istismarına etiraz əlaməti olaraq keçirilən etiraz aksiyası davam edir.
Bu gün ölkənin hər yerində olduğu kimi, Şuşada, aksiyanın təşkil olunduğu ərazidə və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin önündə də Bakı vaxtı ilə saat 12:00-da 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla yad olunub. Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bu şanlı tariximizlə bağlı aksiyanın iştirakçısı olan bir neçə könüllünün fikirlərini şifahi öyrəndik. Onlar 20 Yanvarı Azərbaycanın tarixinə qanla yazılan xalqımızın qürur günü adlandırdılar. Bildirdilər ki, onlar bu günü unutmur, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin adını qəlblərində daim yaşadaraq uca tuturlar.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.