“SOCAR Energy Switzerland” bu həftə İsveçrədə 200-cü yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
LEQAL.AZ şirkətə istinadla xəbər verir ki, “SOCAR Stalvedro” istifadəyə verilən sayca 198-ci, “SOCAR Meiringen” 199-cu və “SOCAR Innertkirchen” isə 200-cü yanacaqdoldurma məntəqəsi olub.
Qeyd edək ki, SOCAR-ın ən geniş yanacaqdoldurma şəbəkəsi İsveçrədədir. “SOCAR Trading” 2008-ci ildə Cenevrə şəhərində təsis edilib. Şirkət Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərə məxsus neft və neft məhsullarının satışı ilə məşğuldur. “SOCAR Trading” Azərbaycan mənşəli xam neftini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarına birbaşa SOCAR tərəfindən çıxararaq Azərbaycan neftindən gələn gəlirləri artırmaq, eyni zamanda, Azərbaycanın dünyada təsir dairəsini artırmaq üçün yaradılıb. Əsas ofisləri Cenevrə (baş qərargah), Sinqapur, Dubay, London, Hyuston və Kalqari şəhərlərində yerləşdir. “SOCAR Trading” dünyada “Azeri Light” neftini emal etməyə qadir olan bütün emal zavodları ilə əlaqələr yaradıb və Azərbaycan neftini ona rəqib aşağı kükürdlü xam neft ilə zəngin Aralıq dənizi ərazisindən uzaqlaşdıraraq Asiyaya yönləndirib, eləcə də Azərbaycan neftinin qiymətinin artırılmasına nail olub.
2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib. “SOCAR Trading” şirkətinin statistikasına istinadən bu gün İsveçrədəki istehlakçıların 63 faizdən çox hissəsi “SOCAR” brendini tanıyır və yüksək qiymətləndirir.
SOCAR-ın İsveçrədəki fəaliyyəti nəticəsində bu ölkədə 200 YDM-dən ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qaz doldurma məntəqəsi, Cenevrə və Sürixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri “SOCAR brendi” ilə fəaliyyətlərini davam etdirməkdədir. “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrim investisiya layihələrinə yatırır. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır. SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti 2017-ci ilin sonunda Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb. Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik “A1” şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 əməkdaşı var. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin idarə edilməsi məqsədilə “SOCAR Energy Austriya” MMC 2018-ci ildə təsis edilib. Belə ki, 2018-ci il ərzində görülən işlər SOCAR-ın həm Azərbaycan Respublikasının ərazisində, həm də xaricdə fəaliyyət miqyasının genişlənməsinə, eləcə də keyfiyyət göstəricilərinin artmasında dəstək göstərib. Maraqlı tərəflərimizin gözlənti və tələblərinə cavab vermək məqsədilə, SOCAR bu istiqamətlərdə tədbirlərin icrasını davam etməyi planlaşdırır.