Birjalarda neft qiymətləri tələbatla bağlı optimist gözləntilər fonunda 8 ayın ən yüksək səviyyəsinə çatıb.
LEQAL.AZ xəbər verir ki, hazırda neft qiymətləri COVID-19-a qarşı peyvəndin hazırlanması ilə bağlı inkişafların qlobal enerji tələbatının bərpasına dəstək olacağına dair artan nikbin gözləntilər fonunda bahalaşmaqda davam edir.
“Bank of America”ya görə, “Brent” markalı xam neftin qiyməti səyahət məhdudiyyətlərinin ləğvi ilə 2021-ci ilin yayında 60 dollar/barrelədək yüksələ bilər.
Neft qiymətləri bu ay təqribən dörddəbir səviyyəsində artıb. Virusa qarşı peyvəndlə bağlı inkişaflar və “OPEC+” koalisiyasının neft istehsalının artırılması planını təxirə salacağına dair gözləntilər “qara qızıl”ın qiymətlərini yuxarı istiqamətli dəstəkləyən əsas amillərdəndir.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 48,15 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45,16 dollara satılır.