“Avro-2020”: Portuqaliya millisi son dəqiqələrdə vurduğu üç qolla qələbə qazanıb

“Avro-2020”: Portuqaliya millisi son dəqiqələrdə vurduğu üç qolla qələbə qazanıb
  • İdman

  • İyunun 15-də futbol üzrə Avropa çempionatının F qrupunun birinci turunun oyunlarına start verilib.

    LEQAL.AZ xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena” stadionunda keçirilən görüşdə Macarıstan və Portuqaliya komandaları üz-üzə gəlib. Cüneyt Çakırın idarə etdiyi görüş portuqaliyalıların 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

    Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandalar bir neçə dəfə təhlükəli vəziyyət yaradıblar. Lakin komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində qapılara top vurulmayıb.

    Görüşdə daha üstün oyun nümayiş etdirən Portuqaliya millisi ikinci hissənin sonlarında ardıcıl üç dəfə fərqlənərək çempionata qələbə ilə başlayıblar. Əvvəlcə matçın 84-cü dəqiqəsində Rafael Gerreyro, 86-cı və 90-cı dəqiqələrdə isə Kriştiano Ronaldo fərqlənərək komandasına vacib qələbə qazanmaqda yardımçı olublar.

    Bu qrupun digər görüşü Bakı vaxtı ilə saat 23:00-da Fransa və Almaniya yığmaları arasında oynanılacaq. Bu oyundan sonra Avropa çempionatının birinci turuna yekun vurulacaq.

    Qeyd edək ki, Almaniya millisi qitə birinciliklərində ən çox çempion olan iki komandadan biridir. 1972-ci, 1980-ci və 1996-cı illərdə Avropa çempionu olan almanların bu rekordunu 1964-cü, 2008-ci və 2012-ci illərdə kuboku başı üzərinə qaldırmış ispanlar təkrarlayıblar. Həmçinin Almaniya seçməsi bu çempionatın finalına ən çox – 6 dəfə vəsiqə qazanmış yeganə komandadır.

    Fransa yığması isə iki dəfə - 1984-cü və 2000-ci illərdə Avropa çempionu adını qazanıb.

    Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 16-da Türkiyə-Uels, dörd gün sonra İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

    “Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər