Dekabrın 10-da UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün qrup mərhələsinə yekun vurulub.
LEQAL.AZ xəbər verir ki, A qrupunda yer alan “Atletiko Madrid” səfərdə Avstriyanın “Zaltsburq” komandasının qonağı olub. Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində “Atletiko Madrid” səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb. “Zaltsburq” isə mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək.
Bu qrupun digər görüşündə “Bavariya” (Almaniya) öz meydanında Rusiyanın “Lokomotiv” klubundan üstün olub - 2:0.
Günün ən maraq doğuran görüşləri B qrupunda oynanılıb. B qrupunda İtaliyanın "İnter” klubu evdə Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu, İspaniyanın "Real Madrid" komandası isə Almaniyanın "Borussiya" (Mönxenqladbax) kollektivi ilə münasibətlərinə aydınlıq gətirib.
Bu qrupda dörd komandadan hər birinin səkkizdəbir finala adlamaq şansı olduğundan hər iki görüş gərgin idman mübarizə şəraitində keçib.
“Real Madrid” klubu "Borussiya Mönxenqladbax” komandasını məğlub edib - 2:0. Bu məğlubiyyətə baxmayaraq Mönxenqladbax təmsilçisi də pley-off mərhələsinə adlayıb. Buna səbəb qrup ikincisi olan “Şaxtyor Donetsk” evdə İtaliyanın “İnter” klubu ilə heç-heçə etməsidir (0:0).
Beləliklə, “Real Madrid” və "Borussiya Mönxenqladbax” növbəti mərhələdə, “Şaxtyor Donetsk” UEFA Avropa Liqasında çıxışlarını davam edəcək. “İnter” isə cari mövsüm avrokuboklarda mübarizəsini dayandırır.
C qrupunda yer alan “Mançester Siti” və “Portu” növbəti mərhələyə vəsiqəni təmin etdiyindən bu komandaların 6-ci turda görüşləri formal xarakter daşıyıb. Buna baxmayaraq, hər iki komanda qələbə qazanmağa nail olub. Belə ki, Mançester təmsilçisi öz meydanında “Marsel”ı (2:0), “Portu” isə səfərdə “Olimpiakos”u (Yunanıstan) eyni hesabla məğlub edib. “Olimpiakos” UEFA Avropa Liqasında mübarizəsini davam etdirir.
Qrup mərhələsinin VI turunda Niderlandda "Ayaks"a 1:0 hesabı ilə qalib gələn İtaliya "Atalanta"sı adını pley-offa yazdırıb. Matçın 79-cu dəqiqəsində meydan sahiblərinin heyətində Rayan Qravenberx ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüşdə yeganə qolun müəllifi isə 85-ci dəqiqədə fərqlənən Luis Muryel olub.
D qrupunun digər oyununda isə İngiltərənin "Liverpul" klubu Danimarkada "Midtüllan"ın müqavimətini qıra bilməyib - 1:1.
“Liverpul” və “Atalanta” qitənin ən nüfuzlu klub turnirində yoluna davam edir. “Ayaks” isə Avropa Liqasında bəxtini sınayacaq.
H qrupunda “Paris Sen-Jermen” (Fransa) - "Başakşehir" (Türkiyə) təxirə salınmış görüşü baş tutub. Matçın 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.
Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qol 21-ci dəqiqədə vurulub. Paris klubunun hücumçusu Neymar fərqlənib. Braziliyalı futbolçu 17 dəqiqə sonra dubl edib. Oyunun 42-ci dəqiqəsində Kilian Mbappe penaltidən fərqlənməklə, fərqi 3 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. Qarşılaşmanın 50-ci dəqiqəsində Neymar het-trikini rəsmiləşdirib. Yeddi dəqiqə sonra "Başakşehir" Mehmet Topalın qolu ilə fərqi azaltsa da, 62-ci dəqiqədə Mbappe 5-ci topu İstanbul təmsilçisinin qapısından keçirib.(azərtac)
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Paris Sen-Jermen” səkkizdəbir final mərhələsinə qrup lideri kimi adlayıb. Aktivində 3 xalı olan "Başakşehir" isə sonuncu pillədə qalıb. H qrupundan “Paris Sen-Jermen” ilə yanaşı, Almaniyanın "Leyptsiq" klubu da pley-offa yüksəlib. İngiltərənin "Mançester Yunayted" komandası isə mübarizəni UEFA Avropa Liqasının onaltıdabir final mərhələsində davam etdirəcək.