“Yuventus” klubu “İnter”i məğlub edərək Çempionlar Liqasına çıxma şansını saxlayıb

“Yuventus” klubu “İnter”i məğlub edərək Çempionlar Liqasına çıxma şansını saxlayıb
  • İdman

  • Mayın 15-də futbol üzrə İtaliya A Seriyasının XXXVII tur matçında çempion "İnter" "Yuventus"un qonağı olub.

    LEQAL.AZ xəbər verir ki, Turindəki "Alyants Stadium"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Baş hakim Canpaolo Kalvareze ümumilikdə üç dəfə penalti nöqtəsini, 2 dəfə isə qırmızı vərəqə göstərib.

    Hesabı 24-cü dəqiqədə Kriştiano Ronaldo açıb. "Yuventus"un hücumçusunun yerinə yetirdiyi penaltini "İnter"in qapıçısı Samir Handanoviç qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu, portuqaliyalı forvardın karyerasında 777-ci qolu olub.

    Oyunun 35-ci dəqiqəsində Romelu Lukaku penalti ilə bərabərlik qolunu vurub. Lakin 45+4-cü dəqiqədə Xuan Kuadrado meydan sahiblərini yenidən hesabda irəli çıxarıb.

    Matçın 56-cı dəqiqəsində Rodriqo Bentankur ikinci sarı vərəqəni alaraq, "Yuventus"u azlıqda qoyub. Qarşılaşmanın 84-cü dəqiqəsində Corco Kyellini topu öz qapısına göndərib. Bununla belə, Kuadrado 88-ci dəqiqədə qələbə topunu vurmağa müvəffəq olub. Oyunun 90-cı dəqiqəsində isə Martselo Brozoviç qırmızı vərəqə alaraq, "İnter"i oyunu 10 futbolçu ilə bitirməyə məcbur edib.

    Bu qələbədən sonra "Yuventus" 75 xalla UEFA Çempionlar Liqasına vəsiqə verən 4-cü pilləyə ən azı bir günlük yüksəlib. "İnter" isə 88 xalla 1-ci pillədədir və çempionluğu daha erkən təmin edib.

    Bu nəticə həm də 67 xalla 6-cı pillədə gedən "Latsio"nun UEFAÇempionlar Liqasına yüksəlmə şanslarının üstündən xətt çəkib. "Latsio" bu gün "Roma" ilə səfər oyununda ən yaxşı halda 5-ci yer uğrunda mübarizə aparacaq. Bu pillənin hazırkı sahibi, 73 xala malik "Napoli" isə mayın 16-da "Fiorentina" ilə səfər matçında qalib gələrək, yenidən "Yuventus"u keçməyə çalışacaq. “Yuventus”la eyni xala malik “Milan” isə şəxsi oyunlarda daha üstün olduğundan üçüncü pillədə qərarlaşıb. Milanlılar sabah öz meydanında “Kalyar”nı qəbul edəcək. “Rossoneri”lər bu oyunda qalib gələrsə UEFA Çempionlar Liqasına vəsiqəsini sona bir tur qalmış təmin edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər