İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2020” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
LEQAL.AZ xəbər verir ki, 8 nominasiya üzrə qaliblər dekabrın 29-da onlayn qaydada açıqlanıb.
Ardıcıl səkkizinci ildir həyata keçirilən layihə Vətən müharibəsindəki Böyük Qələbəyə həsr olunub. İlin ən böyük qalibi Azərbaycan Ordusu olduğundan, namizədlər Vətən müharibəsində döyüşən, şəhid və qazi olan, erməni terrorundan əziyyət çəkən, Orduya maddi, mənəvi və təbliğati dəstək verən idman ictimaiyyətinin nümayəndələri, idman qurumları, yerli və əcnəbi idmançılar (futbolçular), məşqçilər və jurnalistlər, eləcə də il ərzində keçirilmiş yarışlarda Ermənistan təmsilçilərinə qalib gələn Azərbaycan idmançıları arasından seçilib.
Özündə 44 günlük müharibəni ehtiva edən “4+4 FİNALI” adlı mükafatlandırma tədbirində “İlin döyüşkən futbolçusu” nominasiyasında şəhid İlqar Bürcəliyev qalib elan olunub. Şəhidin atası Vüqar Bürcəliyevə plaketi “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov təqdim edib. Ümumilikdə 51 KİV-in qatıldığı səsvermədə 34 jurnalist İ.Bürcəliyevə səs verib.
“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov “İlin döyüşkən idman xadimi”, cüdoçu şəhid Cəbrayıl Dövlətzadə “İlin döyüşkən idmançısı” adına sahib olublar.
“İlin döyüşkən legioneri” nominasiyasında İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Mesut Özil fərqlənib.
“Qəbələ” idman klubunun məşqçisi Bəxtiyar Abbasov “İlin döyüşkən məşqçisi, “Qarabağ” klubu “İlin döyüşkən komandası” nominasiyasında qalib olublar.
“İlin döyüşkən idman qurumu” Azərbaycan Cüdo Federasiyası, “İlin döyüşkən jurnalisti” isə qazi Daşqın Əziz seçiliblər.
Qeyd edək ki, layihənin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni mərc oyunları saytı "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi “İl Azero”, təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.