Bu gün Azərbaycan futbolunda tarix yazan, “Qarabağ”la qazandığı uğurlarla azarkeşləri sevindirən Qurban Qurbanovun 50 yaşı tamam olur.
Əsri yarılayan çalışdırıcı doğum gününü qeyd etməyi sevmir. Maraqlısı isə odur ki, Qurban Qurbanov ad gününü xatırladan rəqəmi daim diqqət mərkəzində saxlayır. Belə ki, onun həm mobil telefon, həm maşınlarının nömrələrində 13 rəqəmi yer alır. Hətta futbolçu kimi 13 nömrəli formanı da geyinib.
Təcrübəli çalışdırıcı ilə doğum günü barədə söhbətləşdik. O, qafqazinfo-ya açıqlamasında həm yubileyindən, həm də nəhs rəqəmin sirrindən danışıb: “Bəlkə gəncliyimizdə daha çox səhvlər edirdik. Sonra yaşa dolduqca, həyat təcrübəsi topladıqca durum dəyişdi. Daha az səhvlər etməyə çalışdıq. Amma işimizdən dolayı səhvlərimiz həmişə olub. Sadəcə mənə həvalə edilən işlərin öhdəsindən daim gəlməyə çalışmışam. Bir işdə mənə güvənirlərsə, onu layiqincə yerinə yetirmək istəmişəm. İndiki həyatımıza gəlincə, işimiz elədir ki, təkrar günlər yaşayırıq. Hər gün digərinin oxşarıdır. Çalışmalıyıq ki, bu təkrar günləri bir az yaxşılaşdıraq.
13 rəqəminə gəlincə, çox insan “nəhs” rəqəm adlandırıb bundan qorxur, amma mən qorxmuram. 13 uğurlu demirəm, sadəcə diqqət ayırdığım rəqəmdir”.
"LEQAL.AZ"