Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.
İlk oyun günündə cəmi bir görüş baş tutub. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib - 6:0.
Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. 43-cü dəqiqədə Ramil Şeydayev hesab arasındakı fərqi 3 topa çatdırıb. 2 dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə Şeydayev qoyub. 84-cü dəqiqədə fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.
Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Qarabağ” adını yarımfinala yazdırıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu mərhələdə “Sumqayıt” - “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi "Keşlə" isə mübarizəni dayandırıb.
Qeyd edək ki, digər cavab oyunları növbəti iki gündə keçiriləcək. Fevralın 12-də “Sabah” “Neftçi”ni, fevralın 13-də “Qəbələ” “Sumqayıt”ı, “Səbail” isə “Zirə”ni qəbul edəcək. /oxu.az/
LEQAL.AZ