Noyabrın 17-si axşam saatlarında Yasamal ərazisində qətl hadisəsi olub.
Bu haqda DİN-dən məlumat verilib:
“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.
Araşdırmalar davam etdirilir.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 18:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış qeydə alınıb.
Çağırış ünvana dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxs (kişi) sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş - deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan yeniyetmənin göstərilən reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 22:00 radələrində ölüm faktı qeydə alınıb.