Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.
Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.
Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.
Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
20:52
Daşkəsəndə internetin və elektrik enerjisinin verilişi bərpa olunub.
“Report”un məlumatına görə, rayonu internetlə təmin edən xətdə yaranmış problem həll edilib.
Qeyd edək ki, güclü külək nəticəsində rayonun bir hissəsində elektrik enerjisinin verilməsində də fasilə yaransa da, artıq yaranmış problem həll edilib və elektrik enerjisinin verilməsi bərpa olunub.
20:32
Martın 6-da respublikanın qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən bildirilib.
Məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb:
“Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq”ın mal-materiallarla təchiz edilmiş “Qəza xidməti” cəlb edilib. Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir”.
19:21
Gədəbəydə bir neçə evin dam örtüyü dağılıb, elektrik təsərrüfatına ziyan dəyib.
“Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində Gədəbəy rayonunda və Şəmkirin bir neçə dağlıq kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, xətlər sıradan çıxıb.
Bir neçə evin dam örtüyü dağılıb.
Qeyd edək ki, elektrik enerjisinin verilməsində yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.
18:44
Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.
“Report”un məlumatına görə, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.
Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.