Sumqayıtda qətl: “Mənə niyə elə baxırsan?..” – Təfərrüat

Sumqayıtda qətl: “Mənə niyə elə baxırsan?..” – Təfərrüat
  • Hadisə

  • LEQAL.AZ  xəbər verir ki, Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mətləb Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Belə ki, Mətləb Qədirov 25 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində tanışı 1990-cı il təvəllüdlü Şəhriyar Eldarovun sərxoş vəziyyətdə ona tərs-tərs baxdığını deyib.

    Onların arasında əlbəyaxa dava olub. Şəhriyar Eldarov Mətləb Qədirovun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməsindən hiddətlənib, onu öldürmək qərarına gəlib.

    Bu zaman Mətləb Qədirov özündə olan bıçaqla Şəhriyar Eldarovun iki zərbə vurub. Şəhriyar aldığı zərbələrdən hadisə yerində ölüb.

    İstintaq orqanı tərəfindən Mətləb Qədirovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb Qədirov bildirib ki, sentyabrın 25-də saat 18 radələrində işdən evə gəlib və təxminən saat 20 radələrində həyətə düşüb: “Həyətə düşəndə qara rəngli qatlanan cib bıçağımı da özüm ilə götürdüm. Həmin bıçağı təxminən 3 il bundan öncə Bakı şəhərindən xatırlamadığım dükandan almışam. Bir qədər gəzdikdən sonra binalardan birinin qarşısında əvvəllər tanıdığım Şəhriyarı gördüm. Onunla bir anlıq göz-gözə gəldik. Şəhriyar “mənə niyə belə baxırsan” deyə sual verdi.

    Şəhriyara bir anlıq göz-gözə gəldiyimizi, sadəcə gözümün ona sataşdığını dedim. O, mənə sifətini yadımda saxlamağımı və bir daha belə baxmamağımı bildirdi. Şəhriyara yolla keçəndə göz-gözə gəldiyimizi, burda uzadılası bir məsələ olmadığını söylədim.

    Şəhriyar sağ əli ilə mənim sol əlimi, sol əli ilə isə yaxamdan tutdu, sonra əli ilə başıma zərbə vurdu. Gödəkcəmi başıma keçirib, məni döyməyə başladı. Başı aşağı olanda cibimdən bıçağı çıxararaq onun ayaq hissəsindən vurmaq istədim ki, məni buraxsın. Bıçağı çıxarıb görmədiyim tərəfə yellədim, Şəhriyar məni buraxdı. Mən də oradan qaçdım”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra polis əməkdaşları tərəfindən tutulub və bıçağı da polislərə təhvil verib: “Şəhriyarı öldürmək istəməmişəm. Məni döyəndə ona gücüm çatmadığını gördüm, ayaq hissəsinə vurub, əlindən çıxıb qaçmaq istədim. Bıçağı da işə gedib-gələndə yolumun üzərində olan itlərin hücumunun qarşısın almaq üçün üzərimdə gəzdirirdim. Əməlimdən peşmanam”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mətləb Qədirov 13 il müddətinə azadlıqdan məhrum edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər