Bakının Binə qəsəbəsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Aydın Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
LEQAL.AZ-ın xəbərinə görə, Aydın Quluzadə 21 avqust 2019-cu il tarixdə, saat 20.00-da Azər Quliyevə bibisi qızına telefonla zəng edib, narahat etdiyini irad tutub.
Azər Quliyev Aydın Quluzadəyə kobud formada bibisi qızına deyil, onun bacısına zəng etdiyini deyib, onu nalayiq sözlərlə təhqir edib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Aydın Quluzadə özündə olan bıçaqla Azər Quliyevə xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Aydın Quluzadənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın Quluzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, avqustun 19-da, təxminən saat 17.00-da yaşadığı evdə olarkən qonşuluqda “Qara” kimi tanıdığı və sonradan adının Azər olduğunu bildiyi şəxsin azyaşlı bibisi qızını narahat etdiyini eşidib: “Bu barədə ailə üzvlərimdən heç nə soruşmadan həmin oğlanı axtaramağa başladım. Həmin gün onun yaşadığı evə getdim. Azəri soruşdum, evdə olmadığını bildirdilər. Bundan sonra geri qayıtdım”.
Aydın Quluzadənin ifadəsinə görə, avqustun 21-də, saat 20.00-da yaşadığı Binə qəsəbəsinin mərkəzində olarkən təsadüfən Azərlə rastlaşıb: “Azərə yaxınlaşaraq onunla işim olduğunu dedim və bir kənara çəkilməyimizi istədim. Birlikdə dəmiryolu keçidinin yaxınlığına getdik. Azərə hansı mövzuda söhbət edəcəyimizi yəqin bildiyini dedim, o da təsdiqlədi. Bundan sonra ona azyaşlı bibim qızını narahat etməməsini tapşırdım. Azər isə kobud və özündən razı formada bibim qızı ilə heç bir işinin olmadığını, bacımdan xoşu gəldiyini söylədi. Ünvanıma nalayiq söyüşlər söyərək heç kəsin ona qarşı çıxa bilməyəcəyini bildirdi.
Bundan sonra biz yaxalaşdıq və həmin vaxt əsəbləşərək üzərimdə gəzdirdiyim cib bıçağını çıxararaq Azərə bir dəfə zərbə vurdum. Azər qorxdu, həmin yerdən qaçdı. Mən isə öz yaşadığım evə getdim. Əməlindən səmimi peşmançılıq hissi keçirirəm”.
Zərərçəkmiş şəxs qismində ifadə verən Azər Quliyev bildirib ki, hadisədən təxminən 3-4 ay əvvəl qonşuluqda yaşayan adını bilmədiyi Aydının bacısını görüb və ondan xoşu gəlib: “Həmin qızla bir-birimizi görəndə salamlaşıb, baxışmışıq. Avqustun 21-də, təxminən saat 20.00-da işdən evə gələrkən Aydını gördüm. Yaxınlaşaraq mənimlə işi olduğunu və söhbət etmək istədiyini dedi.
Binə qəsəbəsində dəmiryolu keçib söhbət etməyə başladıq. Aydın mənə azyaşlı bibisi qızını narahat etməməyimi tapşırdı. Mən isə gülə-gülə azyaşlı bibin qızı ilə heç bir işimin olmadığını, bacısından xoşum gəldiyini dedim, əsəbləşdiyimdən onun ünvanına nalayiq söyüşlər söydüm, heç kəsin mənə qarşı çıxa bilməyəcəyini bildirdim.
Bundan sonra yaxalaşdıq. Həmin vaxt Aydın gözləmədiyim halda qəflətən sağ döş qəfəsindən bir dəfə bıçaqla zərbə vurdu. Məni vurandan sonra qaçdı”.
Azər Quliyev ifadəsinin sonunda göstərib ki, Aydınla barışıb və onu bağışlayır. Məhkəmədən ona qarşı humanist olmağı xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Quluzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.