İsrailin müdafiə naziri Beni Qantz təhlükəsizlik vəziyyəti qiymətləndirdikdən sonra müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 9 min nəfərin orduya çağırılmasını təsdiq edib.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bununla bağlı ordu rəhbərliyinə müvafiq göstəriş də verilib.
Bundan əvvəl, İsrail ordusunun mətbuat xidmətinin nümayəndəsi Xiday Zilberman bildirib ki, hazırda bütün fəaliyyət variantları, o cümlədən Qəzzada mümkün yerüstü əməliyyat ehtimalı gündəmdə dayanır.
Xatırladaq ki, 10 may tarixində Qüds Günü fələstinlilərlə israillilər arasında qarşıdurma olub. Nəticədə Fələstin tərəfindən İsrailin mülki vətəndaşlarının yaşadığı ərazilərə 1 600-dən çox raket atılıb. Raketlərin bir çoxu İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.
İsrail ordusu isə cavabında “Divar keşikçiləri” əməliyyatı keçirərək Qəzzada HƏMAS-la “İslami cihad” qruplaşmalarının 600-dək hərbi hədəfini məhv edib. Hər iki tərəfdən mülki şəxslər arasında itkilər mövcuddur.