Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı Qırğızıstan Prezidenti Sadır Japarovla Tacikistanın dövlət başçısı Emomali Rahmon arasında ikinci dəfə telefon danışığı olub. İlk telefon danışığı dünən baş tutmuşdu.
LEQAL.AZ "Azərtac"a istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinə istinadla xəbər verir ki, telefon danışığı zamanı sərhəddə gərginliyin tam aradan qaldırılması, hər iki tərəfdən hərbi texnikanın sərhəd zonasından geri çəkilməsi məsələləri müzakirə olunub.
Dövlət başçıları hər iki tərəfdən hərbi texnikanın geri çəkilməsini təftiş etmək üçün Birgə Komissiyanın yaradılmasını qərara alıblar.
Prezidentlər əmin olduqlarını bildiriblər ki, bu gün öz işinə başlayan Hökumətlərarası Komissiyanın üzvləri münaqişənin tam tənzimlənməsi üçün səy göstərəcəklər.
Dövlət başçılarının danışığından sonra Tacikistan tərəfi 10 qırğız əsirini geri qaytarıb. Onların arasında iki gün əvvəl oğurlanan İntenasional kəndinin icra başçısı Mirzabek Jumabayev də var.
Son məlumata görə, sərhəddə ölənlərin sayı 34 nəfərə çatıb, bunların 31-i hərbçi, 1-i tibb işçisidir. Münaqişədə 173 nəfər yaralanıb.
Tacikistan mətbuatının məlumatına görə, qarşıdurmada 10-a yaxın insan ölüb, 110 nəfər yaralanıb.
LEQAL.AZ