Monqolustanda fevralın 23-dən etibarən əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası başlayacaq.
LEQAL.AZ yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Sereecav Enxbold açıqlama verib.
O, ölkə əhalisinin 60 faizinə peyvənd vurulacağını bildirib.
Monqolustan tələb olunan vaksinlərin 20 faizini Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünü hədəf alan COVAX təşəbbüsü çərçivəsində əldə edəcək. Qalan peyvəndlərin alınması üçün istehsalçı şirkətlərlə danışıqlar aparılır.
“Global Times” qəzetinin məlumatına əsasən, Monqolustan Çindən də vaksin alacaq.
Qeyd edək ki, Monqolustanın paytaxtı Ulan-Batorda pandemiya ilə əlaqədar elan edilən qapanma fevralın 23-də başa çatacaq.
Ölkədə indiyədək COVID-19 virusuna 2383 yoluxma və 4 ölüm qeydə alınıb.(azərtac)