İndoneziyanın Azərbaycanda 2016-2020-ci illərdə səfiri olmuş Hüsnan Bəy Fanani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğal altındakı torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı “YouTube” kanalında orijinal paylaşım edib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından sonra ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün başladığı əks-hücumu dəstəklədiyini yerli KİV-lərdə daim qeyd edən indoneziyalı diplomat bu dəfə ifa etdiyi musiqi nömrələri ilə Azərbaycanın bu haqq işində İndoneziyanın onun yanında olduğunu bildirib.
“YouTube” kanalında yayımlanan “Salam from Indonesia” adlı video İndoneziyada populyarlığı ilə seçilən “İndonesia Pusaka” (“İndoneziya irsi”) mahnısından parça ilə başlayır. Ana Vətənə həsr olunan mahnıdan parçanı ifa etdikdən sonra sabiq səfir İndoneziyanın Azərbaycanı salamladığını deyir. Bildirir ki, bütün İndoneziya xalqı Azərbaycan xalqının Dağlıq Qarabağı Ermənistanın işğalından azad etməsini alqışlayır: “Yaşasın Azərbaycan! Azərbaycan, Azərbaycan, Azərbaycan çox yaxşı!”.
Bu sözlərdən sonra Hüsnan Bəy Fanani görkəmli bəstəkar və müğənni Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edir.
İndoneziyalı sabiq səfir Azərbaycana dəstəyini “Əssalamü əleykim və rəhmətullahi bərəkət” sözləri ilə tamamlayır.