Məqalə - Heydər Əliyev dühası

Məqalə - Heydər Əliyev dühası
  • Cəmiyyət

  • Dünyanı dəyişəndən sonra xalqın yaddaşında qalmaq heç də hər kəsə nəsib olmur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

    Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib. Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

    “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də “Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan”, - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı və əməlləri ilə sözünü gerçəyə çevirdi. Meydana silahsız gələn Ulu öndər qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalandı.

    Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli də xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çatdırmışdır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

    Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan 44 günlük Vətən savaşında bütövləşən Azərbaycana,dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil və bütövləşən Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edib və fəth edəcəkdir.

    Müəllif: Əntiqə TAĞIYEVA,
    Masallı rayonu, Hişkədərə kənd sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər