Məişət problemləri - boşanmaya səbəb ya bəhanə?

Məişət problemləri - boşanmaya səbəb ya bəhanə?
  • Cəmiyyət

  • Məişət problemləri - boşanmaya səbəb ya bəhanə? - Ekspertlər AÇIQLADI

    Xəbər verdiyimiz kimi, boşanmalarla bağlı son statisika açıqlanıb. Bu rəqəm əvvəlki illərə nisbətən az olsa da, yenə də çoxdur. Boşanmalara səbəb tez-tez eşitdiyimiz məişət problemlərinin olmasıdır. İnsanlar tək evlənən zaman məişət problemləri yaşamırlar, öz ailələrində, hətta tək yaşasalar belə, müəyyən problemlərlə qarşılaşırlar. Bu zaman ortaya belə bir sual çıxır: məişət problemləri boşanmaya göstərilən səbəbdir ya bəhanə?

    LEQAL.AZ xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Azərbaycanda son 5 il ərzində boşanma meyarları eynidir:

    "Son statistikanı 2019 və 2020-ci ilərlə müqayisə edəndə görürürk ki, Azərbaycanda boşanma azalmağa doğru gedir. Lakin bu demək deyil ki, ailə problemlərinin həllində istədiyimiz nəticəni almışıq. Araşdırmalarımız boşanmaya əsas səbəblər kimi sonsuzluq, narkotik, alkoqol asılılığı və məişət zorakılığının olduğunu göstərir. Bu problemlərin qarşının alınması üçün ailə stereotipləri və tibbi mexanizmlər gücləndirilməlidir.

    Ailə strategiyası dövlət komitəsi tərəfindən hazırlanıb və yaxın zamanlarda rəy və təkliflərin alınması üçün dovlət qurumlarına təqdim olunacaq. Boşanmalarla bağlı rəsmi səbəblər göstəriləndə daha çox xasiyyətlərin uyğunlaşmaması qeyd olunur. Ancaq mənim göstərdiyim sonsuzluq, məişət zorakılığı, stereotip problemləri, narkotik, alkoqol asılılığı və xəyanət boşanmalara səbəb kimi daha aktualdır.

    Çox təəssüf ki, Azərbaycanda ailələr boşananda etik münasibətlər pozulur və bu, ən çox uşaqlara pis təsir edir. Bunun üçün də ailələrə psixoloji yardımların göstərilməsi də təmin olunmalıdır.

    Keçən il bizim araşdırmalarımız pandemiyanın təsirləri idisə, bu il artıq uşaq nigahları, uşaq hüquqlarının qorunması ilə bağlıdır. Bu araşdırmaların nəticəsi isə sentyabrda açıqlanacaq".

    Nigahdan əvvəl tibbi müayinənin əsas məqsədi nədir?

    Elgün Səfərov bildirib ki, tibbi müayinənin əsas məqsədi tərəflərin bir-birinə cavabları təqdim etməsidir:

    "Çox insanlar elə bilirlər ki, tibbi müayinə uyğunluqları yoxdursa, nigaha daxil ola bilməzlər. Xeyr, belə deyil. Tibbi müayinənin əsas qayəsi qarşı tərəflərin bir-birinə tibbi müayinə cavablarını təqdim etmələri və bundan sonra nigaha düşmək haqqında özlərinin qərar vermələridir. Amma çox təəssüf ki, çox vaxt insanlar ciddi problem olduğu halda da nigaha düşmək haqqında qərar alırlar".

    Psixoloq Aygün Ağabalıyeva isə boşanmanın çox və yaxud da az olmasından asılı olmayaraq, hər bir halda pis olduğunu qeyd edib:

    "Sayının az və yaxud da çox olmasına baxmayaraq, boşanmalar hər bir vəziyyətdə pisdir və mən buna qarşıyam. Amma boşanmalarda müxtəlif səbəbləri açıqlayıb "sırf budur səbəb" demək olmaz. Çünki insanlar fərdidir və hər ailənin də boşanma səbəbi fərqlidir. Bəzi ailələr var ki, kənardan müdaxilə olduğu üçün, bəziləri maddi durumun yaxşı olmadığı üçün, fərqli düşüncələrə sahib olduqları üçün və.s boşanırlar.

    Bunların hamısı ilə razılaşmaq olar, hətta ola bilər ki, sonradan tərəflərdən birinin psixi problemləri yaransın.

    Müşahidələrimə əsasən deyə bilərəm ki, boşanmalara ən böyük səbəb ailələrin bir-birini dinləməməsidir. Ailələrin çoxunda şahid olmuşam ki, dinləyib danışmaq anlayışı yoxdur. Çox vaxt isə tərəflər problemlərini danışmaqdansa, səbr etməyi, susmağı seçirlər, amma hər problemi baş verdiyi an danışıb həll etmələri daha yaxşı olar. Çünki ailələrdə əsas problemlərdən biri də deməmək, danışmamaqdır. Bu isə sonra ən böyük davalara, problemlərə gətirib çıxarır. Nəticə olaraq da artıq səbir tükənir və susduqları hər şeyi bir anda deyirlər".

    Psixoloq qeyd edib ki, Azərbaycan ailələrində "mən"i unutmadan "biz" ola bilmək anlayışını təbliğ etmək lazımdır:

    "Ailələrdə fərdlərin özlərini, bir-birilərini unutmadan birlik olmağı, "biz" olmağı, dinləmək və heç nəyi saxlamadan oturub danışmaq psixologiyasını yaratmalıyıq. Onu da vurğulamaq istərdim ki, son illərdə ailələr daha çox psixoloqlara müraciət edirlər və bu, çox müsbət haldır".
    PAYLAŞ:

    Oxşar xəbərlər