LƏNKƏRANIN 99 YAŞLI AĞSAQQALININ NƏCİB TƏŞƏBBÜSÜ

LƏNKƏRANIN 99 YAŞLI AĞSAQQALININ NƏCİB TƏŞƏBBÜSÜ
  • Cəmiyyət / Mədəniyyət

  • Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının Məclis üzvü Kamal Kələntərli ömrünün 99-cu payızını yaşayır. Uzun illər Lənkəranda rəhbər vəzifələrdə işləmiş, el ağsaqqalı kimi tanınaraq hörmət, nüfuz qazanmışdır. Lənkəran şəhərinin mərkəzində görkəmli ədəbiyyatşünas alim, şair, respublikanın əməkdar müəllimi Mirhaşım Talışlı ilə birgə heykəli qoyulmuşdur.
    Sentyabr ayının 27-dən Ermənistanın növbəti təxribatlarının qarşısının şanlı ordumuz tərəfindən qətiyyətlə alınması, şəhər, qəsəbə və kəndlərimizin işğaldan azad edilməsi ağsaqqalı ürəkdən sevindirir:
    - Hər dəfə televiziyadan ordumuzun qələbə xəbərlərini eşidəndə qəlbim fərəhlə döyünür, qürur hissi keçirirəm, - deyə Kamal Kələntərli söhbətə başlayır. Düzdür, biz heç vaxt müharibə tərəfdarı olmamışıq. Amma səbrin də bir həddi var. Xalqımız bu müqqəddəs savaşı çoxdan gözləyirdi. Sevinirəm ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz müzəffər yürüşünü uğurla davam etdirir. Cəbrayıl, Füzuli, Hadrut və neçə-neçə tarixi torpaqlarımız işğaldan azad edilir.
    Bu gün Azərbaycan xalqı dövlətimizin başçısı ətrafında sıx birləşib. Lənkəranlılar da müsəlləh əsgər kimi ön cəbhədə döyüşməyi, orduya dəstək olmağı özünə şərəf bilir. Mən ömrümün ixtiyar çağlarını yaşayıram, - deyə ağsaqqal söhbətini davam etdirir. Xilaskar ordumuza yardım etməyi özümün vətəndaşlıq borcu hesab edərək bir aylıq təqaüdümü Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüm. Uca Allah Ali Baş Komandanımıza, müzəffər ordumuza kömək olsun! Tezliklə böyük Qələbəmizin sevincini bölüşək.
    Əlisəfa HƏSƏNOV,
    “Respublika” qəzetinin əməkdaşı.
    PAYLAŞ:

    Oxşar xəbərlər