Masallı rayonunun Yeddioymaq ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, 200 illik tariximizdə xalqımızın ən böyük arzuları gerçəkləşməkdədir: “Milli-mənəvi ruhumuz yeniləndi, tarixi ədaləti bərpa etdik – Müzəffər Liderimiz, Ali Baş Komandanımız İlham Əliyev və yenilməz ordumuz sayəsində. Azərbaycan əsgəri dünyaya gücünü sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. El-obasından didərgin düşən soydaşlarımız yurd-yuvalarına qayıdacaqlar.
RİH başçısı Şahin Məmmədov Vətən müharibəsi dövründə döyüşlərdə olduğu kimi, arxa cəbhədə də masallıların göstərdiyi şücaətdən, ölkə rəhbəri tərəfindən şəhidlərimizə və ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb.
Bugünkü rahat yaşamımızı şəhidlərimizin qəhrəmanlıqları ilə səciyyələndirən millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov çıxışlarında 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə, məktəblilərə örnək olan şərəfli ömür yolundan bəhs ediblər.
Qeyd olunub ki, abidə-kompleksi Rusiyada yaşayan iş adamı, həmyerlimiz Üzeyir Salayevin maliyyə dəstəyi ilə inşa olunub.
İki Şəhid anası Ziba Əsgərova, iş adamı Adna Salayev, Vətən müharibəsi iştirakçısı Cəmil Məmmədov şəhid və əsgər ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonra abidə-kompleksin açılışı olub. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.
Qeyd edək ki, şəhid baş leytenat Əlimərdan Quluzadənin adını daşıyan küçədə ucaldılan abidə-komleksin əsas hissəsində, xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən 31 qəhrəman şəhidin şəkli, 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə canından keçmiş ərazi sakinlərinin adları əbədiləşdirilib.
Nəfis görünüşə malik abidə-komleksin ön hissəsində isə zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanır, ay-ulduzlu məşəl şölələnir.
Abidənin yerləşdiyi ərazidə yaşıllıqlar salınıb – dekorativ ağac və gül kolları əkilib. Həmçinin parka içməli su xətti çəkilib, bulaq salınıb. Ətrafda işıqlandırma sistemi qurulub.
Akif AĞAYEV,
MASALLI.