Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Naiq Yusifovun anası Xədicə xanım vəfat edib.
LEQAL.AZ-ın məlumatına görə, koronavirusa yoluxan qadın dünyasını dəyişib.
Qeyd edək ki, N.Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlib. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılıb. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranıb, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalıb. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır. 24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir./modern.az