Avropa İttifaqının Gənclər üçün Proqramının (EU4Youth), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılğı ilə martın 15-17-də “Azərbaycanda gənclər – gənclərin məşğulluğu, sahibkarlığı və iştirakçılığının gücləndirilməsi” mövzusunda onlayn dəyirmi masa keçirilib.
LEQAL.AZ Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, dəyirmi masanın işində Avropa İttifaqı və Azərbaycan rəsmiləri, gənclər təşkilatlarının və gənclərlə iş sahəsində çalışan mütəxəssislər iştirak edib. Üç gün ərzində davam edən tədbirdə Avropa İttifaqı gənclər dialoqu və Şərq Tərəfdaşlığı kontekstində Azərbaycanda gənclərlə iş sahəsində strukturlaşdırılmış dialoqun aparılması, Avropa İttifaqının gənclər üçün zəmanət tədbirləri çərçivəsində gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində maraqlı tərəflər arasında əməkdaşlıq, gənclərin sosial sahibkarlığını təşviq edən təcrübələrin öyrənilməsi və tətbiqi mövzularında sessiyalar keçirilib.
Tədbir çərçivəsində gənclərin iştirakçılığının artırılması, gənclər üçün aktiv əmək proqramları, gənclərin təhsildən əmək bazarına keçidinin mövcud ehtiyacları və gənclərin sosial sahibkarlığına dəstək mexanizmləri mövzularında təqdimatlar edilib və fikir mübadiləsi aparılıb. Üç gün ərzində 150 nəfərdən çox insanın qatıldığı dəyirmi masada gənclərlə iş sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və praktiki layihələrdən faydalanmaq perspektivləri müzakirə olunub.