20 mart 2021-ci ildə əziz dostum Məhəmməd Əhmədalı oğlunun vəfatının bir ili tamam olur. Bu kədərli anlarda qələmə aldığım yazı təkcə dost itkisinin yanğısını ifadə etmək deyil, həm də vəzifə sahibi olub insan taleyi ilə məşğul olan ədaləti,mərdliyi,cəsarəti, bütövlüyü, kişiliyi özündə birləşdirən bir vətən oğlunu ictimaiyyətə olduğu kimi tanıtmaq niyyətindən irəli gəlir.
İlk tanışlıq
1979-cu ildə ADU-nun hüquq fakültəsini bitirən Məhəmməd Əhmədov Kirov (indiki Binəqədi) rayon Milis İdarəsində CAX-i üzrə əməliyyatçı kimi əmək fəaliyyətinə başlayır. Əməliyyat işinə həvəsi olmadığından 1981-ci ildə öz xahişi ilə Masallı rayon DİŞ-nin istintaq bölməsinə müstəntiq vəzifəsinə təyinat alır. Elə ilk tanışlığdan həyata və hadisələrə eyni baxışlar,ədaləti hər şeydən üstün tutmaq və digər oxşar keyfiyyətlərimiz olduğundan,yaş fərqinə baxmayaraq aramızda uzun illər davam edən səmimi yoldaşlıq, dostluq münasibəti yaranmışdı.Həmişə bir yerdə olur,həyati və hüququ mövzularda söhbətlər edir,məsləhətləşərdik. (Həmin vaxt mən Masallı rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyirdim.) Məhəmməd də məni ən çox cəlb edən xüsusiyyət ədalətlilik və cəsarət idi.Onun üçün insan taleyi həmişə idarəçilik mənafeyindən üstün olub. Müstəntiq kimi fəaliyyətinin ilk aylarında baş vermiş bir hadisə ona qarşı münasibəti büsbütün dəyişdi-bəziləri üçün necə deyərlər, arzu olunmaz şəxs,digərləri üçün haqq, ədalət uğrunda heç nədən çəkinməyən mərd və cəsarətli insan oldu. Belə ki, Rayon DİŞ-nin əməkdaşları növbətçi otağında sovxozların birində manqa başçısı işləyən şəxsin üstünə baxış keçirərkən, pencəyinin cibindən narkotik maddəyə oxşar bükülü aşkar edib,götürürlər. Şübhəli şəxs kimi saxlanılan manqa başçısı haqında materiallar istintaq bölməsinə göndərilir. Məhəmməd Əhmədov fakta görə cinayət işi başlayır və istintaq aparır.
Rayon DİŞ-nin növbətçi hissəsində baxışda iştirak etmiş milis əməkdaşları və hal şahidləri manqa başçısının üstünə baxış keçirilərkən pencəyinin cibindən həqiqətən narkotik maddəyə oxşar bükülü aşkar olunmasını ifadələrində təsdiq edirlər. Ekspertiza rəyi ilə bükülünun narkotik maddə olması məlum olur. Istintaq zamanı müəyyən edilir ki, milis əməkdaşları iki dəfə manqa başçısının iş yerinə getmiş, onu tapmadıqlarına görə fəhlələrə şöbəyə gəlməsini tapşırmışlar. Manqa başçısı ifadəsində milis əməkdaşlarının iki dəfə dalınca gəlmələrini,hər ikisində işdə olmamasını,DİŞ-nə çağırılmasını eşidən kimi evə gedib özünü səliqəyə salıb,üst- başını dəyişib şöbəyə gəlməsini, üstünə baxış keçirilərkən pencəyimin cibindən bükülü çıxmasını, lakin heç bir vaxt narkotik maddədən istifadə etməməsini, həyatı boyu içki içməməsini,hətta siqaret çəkməməsini,bükülünün onun cibimə milis əməkdaşları tərəfindən qoyulmasını göstərir. Manqa başçısının ifadəsini-milis əməkdaşlarının iki dəfə onun iş yerinə gəlmələrini,milis şöbəsinə çağırılmasını bilən kimi, evə gələrək paltarını dəyişib milis şöbəsinə getməsini,heç bir vaxt içki içib,siqaret çəkmədiyini bütün manqa və ailə üzvüləri təsdiq edirlər.
Döğrudan da milis şöbəsinə gələn adamın cibinə narkotik maddə qoyması absurddur!
Məhəmməd mənimlə də məsləhətləşdi.İşin faktiki hallarına görə həmin şəxsə ittiham elan etmək olmazdı.Ona görə də cinayət işinin manqa başçısı haqqında olan hissəsi xitam olundu və iş bağlı qaldı.
Müstəntiqin bu hərəkəti DİŞ-nin rəhbərliyi tərəfindən narazılıqla qarşılansa da Məhəmməd qərarında israrlı idi.
Ilk vaxtlar Məhəmməd Əhmədovun bu “özbaşınalığının” təcrübəsizlikdən irəli gələn “ərköyünlük” olmasını güman edən DİŞ-nin rəhbərliyi yanılmışdılar.Məhəmməd saxtakarlığa və ədalətsizliyə qarşı keçilməz qala olmuşdu.Məhz bu xüsusiyyətinə görə o,tezliklə rayon sakinlərinin dərin rəğbətini qazandı.(1990-cı ildə yeni təyinat almış prokurorluğun gənc əməkdaşının uyğunsuz hərəkəti rayon ictimaiyyətinin narazılığına səbəb olmuş,ona qarşı kompaniya başlanmışdı. Vəziyyətin ciddiliyini görən Məhəmməd məsələyə müdaxilə edib,rayon ağsaqqalları və ziyalıları ilə görüşüb narazılığı aradan götürür,başqa sözlə prokurorun və DİŞ-nin rəisinin görə bilmədiyi işi bacarır.)
Haşiyə:Cinayət işinin bağlı qalması hüquq-mühafizə orqanlarının, xüsusi ilə DİO-nın həmişə ağrılı yeri olub.Belə ki, rəhbərlik birinci növbədə işlərin açılma faizi ilə maraqlanır,tabe əməkdaşların işinə bu baxımdan qiymət verirlər.Ona görə də milis müstəntiqinin “şöbə üçün bağlı iş saxlaması” fövqəladə hadisə kimi qiymətləndirilirdi. Açıq demək lazımdır ki, prokurorluğun müstəntiqinə nisbətən,idarəçilik baxımından DİŞ-nin rəisinə tabe olan milis müstəntiqinin vəziyyəti həmişə çətin olmuşdur.Ona görə də hərdən Məhəmmədə deyirdim ki,kaş prokurorluqun müstəntiqi olaydın.
Bir neçə ildən sonra Məhəmməd Masallı rayon DİŞ-nin istintaq bölməsinin rəisi vəzifəsinə təyin edildi. O,heç vaxt rəisin və ya əməliyyatçıların diqtəsi ilə hərəkət etmirdi.
Məsələn: 1987-1988-ci illərdə Masallının kəndlərində qəribə oğurluq hadisəsi baş vermişdi.İri buynuzlu heyvanın başı kəsilir,bud hissələri aparılır,heyvanın leşi qurda-quşa yem olurdu.Bir ildən artıq aparılan istintaq əməliyyat tədbirləri nəticəsində bu hadisəni törədən şəxs tapılıb,istintaqa cəlb edildi.Müqəssir 65 yaşında cəlimsiz bir adam idi.O,ilkin ifadələrində törətdiyi cinayət əməlini etiraf edərək, hadisə yerlərini dəqiqliklə göstərirdi.İstintaq yolu ilə onun 12 baş heyvanı oğurlayıb kəsməsi,hara və kimlərə verməsi və.s.tam sübut olundu.Lakin bu əməliyyatçıları qane etmirdi.Bu yaşda və görkəmdə kişinin cinayətləri təkbaşına törətməsi onlara şübhəli görünürdü.Odur ki,qeyri prosessual qaydada onu sorğu- sual edir,dəfələrlə “cinayətkar yoldaşlarının kimliyini” soruşurdular.(Görünür bağlı qalan digər oğurluq işlərini də ona calamaq istəyirmişlər.) Məhəmməd istintaq eksperimenti aparmaq qərarına gəlir.DİŞ-nin həyətində hal şahidləri və milis əməkdaşlarının iştirakı ilə keçirilən istintaq eksperimenti hamını təəcübləndirir.65 yaşlı çəlimsiz kişi iri cöngənin başına bağlanmış ipi ayaqlarına dolayıb 3 dəqiqə ərzində heyvanı yerə yıxıb, əlindəki kiçik bıçaqla başını kəsmişdi. Həmin cinayət işinin istintaq və məhkəmə görüntüləri iki dəfə Respublika televiziyası ilə göstərildi.
Məhəmməd ədalətli olmaqla yanaşı cəsarətli və hazırcavab adam idi.
Onun cəsarəti və hazırcavablığı ilə əlaqədar iki hadisəni xatırlamaq istəyirəm.
Fedorçukun agentinin susdurulması
1982 ci il SSRİ DİN-də ciddi dəyişikliklərlə əlamətdar oldu. Nazirlər Soveti yanında DTK-nın sədri Fedorçuk SSRİ Daxili İşlər Naziri təyin edilmişdi.Milis sistemində çoxlu kadr dəyişikliyi baş verirdi.Bir çox respublikalarda milis işçiləri haqqında cinayət işləri başlanır,yüksək çinli əməkdaşlar həbs olunur,bir çox əməkdaşlar orqandan xaric edilir,çox vaxt qurunun oduna yaş da yanırdı.Birçə məlumat kifayət edirdi ki,əməkdaşı cəzalandırsınlar və yaxud orqandan xaric etsinlər.İşin xüsusiyyəti,kadr potensialı nəzərə alınmadan, təhlükəsizlik orqanlarına qoyulan tələb DİO sisteminə də tətbiq edilirdi.Bir sözlə, milis işçiləri arasında ciddi çaxnaşma başlamışdı.Belə gərgin dövrdə Moskvadan SSRİ DİN-nin İqor adlı əməkdaşı Masallı Rayon Milis şöbəsinə “məxviçilik işində praktiki kömək” məqsədi ilə 5 günlük ezamiyyətə gəlmişdi.
1983-cü ilin yayında, həftənin bazar günü Məhəmməd Əhmədov telefonla məndən xahiş etdi ki,dənizə getsən, bizim qonagı da apararsan.Masallı rayon Dövlət notariusu Şükür Məmmədovla yaxın dostum Vadar müəllimin maşınında İqorla birlikdə Lənkərana, çimərliyə getdik.Iqor bir neçə dəfə bizi təəccübləndirdi.Əvvəla məlum oldu ki,o,ingilis dilini təmiz bilir.Çimərlikdə üzməyi baçarıb-bacarmadığını soruşduqda:-Xeyr, üzə bilmirəm cavabını verdi.Lakin birdən suya baş vurub, təxminən 300 metr sahildən uzaqlaşdı.Bu zaman o, üzgüçülüyün bütün növlərini nümayiş etdirirdi.Yemək yeyərkən xeyli içməsinə baxmayaraq, sifətinin rəngində və danışığında heç bir dəyişiklik hiss olunmurdu.
Şükür Məmmədov yumor sevən adam idi.Azərbaycan dilində atmacalar atır,partiya və hökumət rəhbərləri barədə lətifələr danışır, bəzən də,əndazədən çıxırdı. Iqor bir neçə dəfə onun da başa düşməsi üçün rus dilində danışmağı xahiş etsə də Şükür zarafatlarından qalmırdı.Axşamüstü İqoru milis şöbəsində düşürub onunla xudahafizləşdik.Çünki saat 22-də qatarla Bakıya getməli idi.
Axşam saat 22 radələrində milis rəisi İnşalla Əsədov telefonla mənə zəng edərək, şöbəyə gəlməyimi xahiş etdi.Şöbəyə gəlib rəisin otağına girəndə, rəhbər heyətin bir yerdə olduğunu gördüm.Hamının üzündə həyacan var idi Səbəbi...
Biz xudahafizləşib gedəndən sonra İqor müstəntiqlərin otağına gəlir.Edisson Səfərov İqordan bizimlə əlaqədar təssüratını soruşarkən ,İqor təmiz Azərbaycan dilində danışmağa başlayır:-Yaxşı yoldaşlardır, amma Şükür bütün günü anti- sovet lətifələr danışırdı.O,haradan bilsin ki,mənAzərbaycan dilini təmiz bilirəm.Sonra o,sözünə davam edərək,- qorxmayın sizi satmaram- deyir. Bu zaman Məhəmməd biz niyə qorxuruq ki,sən özün dünən bizim yanımızda Fedorçuku söymürdün?-deyə cavab verir və onun bu cavabından sonra İqor çaşıb qalır.
Məsələ burasındadır ki,İqorun ezamiyyətdə olduğu 5 gün ərzində ona Azərbaycan qonaqpərvərliyinin bütün çalarlarını göstərmişdilər.Sahə müvəkkili Nurəlinin təqaüdə çıxması ilə əlaqədar təşkil edilmiş, İqorun da iştirak etdiyi yola salma mərasimi, səhərə qədər davam etmişdi.
Bu hadisədən sonra ilin axırına kimi hamı təşviş içərisində qaldı.
Əlikramın Masallıdan qaçması
1993-cü ilin avqust ayında Əlikram Hümbətov yaraqlıları ilə Masallı rayonuna gəlir.Bundan bir gün əvvəl Əlikramın yaraqlıları Cəlilabada “hücum etmiş”,rayon prokuroru Kərimağa Tağıyevi tapa bilmədiklərindən köməkçi Mircavan Kazımovu tutub Lənkərana aparmışdılar. Əlikramın Masallıya gəlişini bilən rayon hüquq-mühafizə otqanlarının rəhbərləri –prokuror,milis rəisinin müavinləri və digər rəhbər işçilər qaçıb gizlənirlər.
Rayon İcra Hakimiyyətinin binasında məskunlaşmış Əlikram milis rəisini çağırmaq üçün, dörd nəfər yaraqlını şöbəyə göndərir.Onlar rəisin yerində olmadığını bilib müavinləri soruşurlar.Müavinləri də tapa bilməyən yaraqlılar, bəs böyüklərdən kim var?- deyə soruşduqda,növbətçi zabit yalnız istintaq bölmə rəisinin yerində olduğunu bildirir.Yaraqlılar Məhəmmədin iş otağına girir və onların arasında aşağıdakı dialoq baş verir.
Yaraqlı:-Bizimlə getməlisiniz.Sizi Bəy çağırır.
Məhəmməd:-Bəy kimdir?
Yaraqlı:-Talış Muğan respublikasının prezidenti Əlikram Hümbətov.
Məhəmməd:-Mən nə Talış Muğan respublikasını nə də Əlikram adlı prezidenti tanıyıram.Əgər görüşmək istəyirsə özü mənim yanıma gəlsin.
Yaraqlılar gözləmədiyi sərt cavabdan duruxur və tez Əlikramın yanına qayıdırlar.Əlikram bu cəsarətli söhbəti eşidən kimi “qardaş qanı tökülməsin”,- bəhanəsi ilə dəstəsini də götürüb Masallıdan çıxır.
23 avqust 1993-cü ildə xalqın müqaviməti ilə üzləşən Əlikram və dəstəsi qaçıb dağılmalı oldular.Ətraf bölgələrdə, o cümlədən, Masallıda da hakimiyyət strukturları bərpa olundu.
DİN-nin müavini Zahid Dünyamalıyev və idarə rəisi Zakir Nəsirov Masallıda olarkən DİŞ-nin rəisinin müavini və CAX-i üzrə bölmə rəisi şikayət edirlər ki,istintaq bölmə rəisi M.Əhmədov cinayətkarlıqla mübarizədə onlara mane olur,işlərin açılmasına kömək etmir.Məhəmməd həqiqətən də saxta işlərə heç vaxt rəvac verməz,rəis və digərlərinin sözü ilə saxta “kartoçka” yazmazdı.”Müdrük rəhbərlər”öz postunu qoyub qaçan şəxslərin sözünə inanaraq, dövlətçiliyi qoruyan Məhəmməd Əhmədovun vəzifədən çıxarılmasına nail olurlar.(Xalq Cəbhəsi hakimiyyətə gələn ərəfədə də eyni motivlə nazir İsgəndər Həmidovun əmri ilə Məhəmməd İB-nin rəisi vəzifəsindən azad olunmuş, lakin bir gün sonra əsl həqiqət aşkar olan kimi onu işinə bərpa etmişdilər.) Mən həmin vaxt Zaqatala rayon prokuroru vəzifəsində işləyirdim. DİN-nin istintaq idarəsinin rəisi polkovnik Əbdül Əhmədova zəng etdim.O məsələ ilə maraqlanıb mənə telefonla bildirdi ki,nazir Vaqif Novruzov əmri dəyişdirə bilməz.
Bir müddətdən sonra Məhəmmədi Bakı səhəri Nəsimi rayon Polis İdarəsinə müstəntiq vəzifəsinə təyin etdilər. Taleyin işinə bax! Təxminən 2 ildən sonra yenə də “kartoçka” məsələsinə görə onu müstəntiq vəzifəsindən azad edib ,aşağı vəzifəyə-növbətçi hissəyə göndərdilər.Məhəmməd işə çıxmadı.
Mən nazir Ramil Usubovla telefonla danışıb qəbuluna gedib Məhəmmədlə əlaqədar bütün hekayəti danışdım.Ramil müəllim məni diqqətlə dinləyib Məhəmmədi də söhbətə dəvət etdi.(Məhəmməd mənim təkidli xahişimdən sonra forma geyinmişdi).Ramil müəllim Məhəmmədi görən kimi tanıdı.(Onlar bir neçə il əvvə görüşmüşdülər).Ramil müəllim Məhəmmədin pozulmuş hüquqlarını artıqlaması ilə bərpa edib, səhərisi gün onu Bakı şəhər BPİ-nin istintaq idarəsinə baş müstəntiq vəzifəsinə təyin etdi.Məhəmməd pensiya yaşına qədər həmin vəzifədə işlədi.
Haşiə:25 il Daxili İşlər Naziri işləmiş Ramil Usubovdan söz düşmüşkən, bir məsələni vurğulamaq istəyirəm.Rəhbərlik üsulunun vacib şərtlərindən biri də ümumi iş naminə lazımı anda və zamanda öz qərarını dəyişə bilmək bacarığıdır.
1998-ci ilin əvvəllərində həftənin VI günü Goranboy RPŞ-nin rəisi Şirzad İsgəndərov iş otadağıma gələrək həyacanla dedi:-İndicə Ştabdan zəng etmişdilər. Həftənin I günü şöbənin fəaliyyətini kompleks yoxlamaq üçün komissiya göndərirlər,yəqin ki,məni işdən çıxaracaqlar.Düzü Şirzadın gətirdiyi bu xəbər məni təccübləndirdi.Son dövrdə RPŞ-nin işində müsbət dəyişikliklər baş vermiş,cinayətkarlıqla mübarizədə yaxşı nəticələr əldə edilmiş, bağlı cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdı. Odur ki, bir qədər düşünüb nazir Ramil Usubova zəng etmək qərarına gəldim.Ramil müəllim Şirzaddan narazılığını ifadə edərək rayona samballı rəis göndərəcəyini bildirdi.Mən cavabında dedim:
-Ramil müəllim,dedikləriniz hamısı doğrudur,lakin nəzərə almaq lazımdır ki,Şirzad İsgəndərov ilk dəfədir rəis vəzifəsində işləyir.Təcrübəsizlikdən müəyyən qüsurları olsa da cinayətkarlıqla mübarizədə cəsur və qoçaq polis işçisidir.Ən əsası hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəsi yüksək səviyyədədir.Ramil müəllim bir qədər sükut etdikdən sonra daxili telefonla kiməsə dedi:
- Goranboya gedəcək yoxlamanı ləğv edirəm.Danışdığı şəxs nə dedisə,Ramil müəllim dedi:
-Rayonlara rəis göndəririk heç 6 ay keçməmiş prokurorlardan giley-güzar edirsiniz.Goranboy rayon prokuroru Ələmdar Məmmədov zəng edib deyir ki,mən Şirzad İsgəndərovla işləmək istəyirəm.
Beləliklə Ramil müəllim müdrüklik göstərərək öz qərarını dəyişmək hesabına Goranboy RPŞ-nə yoxlama göndərmədi və Şirzad İsgəndərov xidməti fəaliyyətini davam etdirdi. Biz gənclik illərində hansısa çətin işi açmaqla deyil,kimi isə əsassız məhkuluqdan qurtarmağımızla fəxr edirdik.Başqaları kimi isə ilişdirməkdən zövq aldığı vaxt, biz insanların hüquqlarını qorumaqdan zövq alırdıq.Bizi birləşdirən də bu idi.
Bəzən düşünürsən ki,eyni təhsilə, eyni vəzifəyə malik əməkdaşın biri müti,buyruq qulu olur, digəri qanunun aliliyini hər şeydən üstün tutub,insan taleyinə həssas yanaşır,bu yolda əziyyətləri də olur .Mən bunun səbəbini genefondda və ailə tərbiyəsində görürəm.
Məhəmmədin atası Əhmədalı kişi Samuxun sayılıb seçilən,sözü üzə deyən, mərd insanlarından biri olub. 1941-ci ildə o,kəndlərində kolxoz sədri işləyirdi.Bir gün qardaşı Məşdi üçün hərbi komissarlıqdan çağırış vərəqi gəlir.Əhmədalı kişi qardaşını əsgərlikdən saxlamaq imkanı olsada bunu etmir.Sonralar qohumları qınayır Əhmədalı kişini.”İstəsəydin saxlayardın qardaşını əsgərlikdən”- deyirlər ona.O,cavabında iki qardaşdan biri getməli idi deyir.Elin qınağından qorxurmuş Əhədalı kişi. Bu həmin Məşdidir ki,xalq yazıçısı İsmayıl Şıxlı “Kerç sularında”adlı yazısında onu xüsusi qeyd etmişdi. Anasının məktubunu bir yerdə oxumuşdular... Məhəmmədin böyük qardaşı Nizami müəllim 1966-cı ildə hüquq fakültəsini btirdikdən sonra DİO-da müstəntiq vəzifəsində işləyir. Həmin vaxt Lənkəran rayon DİŞ-nin istintaq bölmə rəisi işləmiş Babaxan Cahangirov mənimlə söhbətində Nizami haqqında deyirdi ki, tərbiyəli,ədəbli və utancaq oğlan idi.Lakin bildiyini, necə deyərlər, dədəsinə də verməzdi.Olduqca prinsipial adam idi.Sonra o, Şəmkir rayonunda xalq hakimi işləyir.Lakin I katib Məmməd Əsgərovla yola getmir,sifariş qəbul etmir və nəhayət raykomun büro qərarı ilə hakimlikdən geri çağırılır.
Mən əminəm ki, Məhəmmədin ədalətliliyi və cəsarəti də məhz ailə tərbiyəsindən və qandan gəlir.Bütün bunlar, əslində bir ailənin, hətta bir nəsilin kimliyi – Ömür kitabının hay-küysüz, necə deyərlər, səssiz – için –için oxunan hekayələridir. Bu hekayələrin mövzusu da, ana xətti də , qəhrəmanı da, inanc və inamı da Ədalət, Mərdlik, Dəyanət, Kişilik və Əyilməz Bütövlükdür! Təbii ki, bütün bu çalarların, xüsusiyyətlərin həyat kredosu isə İnsan və Təssübkeş Vətəndaşdı! Bax , mənim dostum Məhəmməd də bu özülün üzərində qürurla dayanmağı haqq etmiş bir nümayəndə idi!Allah rəhmət eləsin.
P.S. Yazını Məhəmmədin tələbə yoldaşı və yaxın dostu, tanınmış vəkil Vidadi Mahmudovun xatirələrindən bir parçanı əlavə etməklə bitirmək istəyirəm.
“Son vaxtlar Mümin Sarıkayanın ``Ben yoruldum hayat`` mahnısını sümzümə edərdi Məhəmməd:
Ben yoruldum hayat gelme üstüme
Diz çöktüm dünyanın namert yüzüne
Gözümden gönlümden düşen düşene
Bu öksüz başıma göz dağı verme
Məhəmmədin Buzovna qəsəbəsində ``Kristalnı`` deyilən yerdəki qəbiristanlıqda qurulmuş qəbirüstü abidəsində bu şerin iki bəndinin misraları həkk olunub. Bu dostlarının istəyi ilə olub. İndi biz Məhəmmədi xatırlayanda gözlərimiz önündə onun bu mahnını zümzümə edən xəyalı canlanır. Doğrudan da onun həyat yoluna, 63 illik həyatında baş verənlərlə bu mahnının rəvayəti çox oxşardı. Görünür ona görə də, olub keçənləri xatırlamaq, özünə təsəlli vermək üçün, həyatının son günlərində,xüsusi ilə xəstəliyinin şiddətli vaxtında bu mahnının sözlərini seçmişdi.”
Ələmdar MƏMMƏDOV
Təqaüddə olan baş ədliyyə müşaviri