Qazi Pərviz Urkayev: Məni ikinci dəfə tabuta qoydular - FOTO + VİDEO

Qazi Pərviz Urkayev: Məni ikinci dəfə tabuta qoydular - FOTO + VİDEO
  • Cəmiyyət

  • Ermənistan silahlı birləşmələrinin təxribatı nəticəsində Azərbaycanın əks-hücumi ilə başlanan II Qarabağ müharibəsi şanlı ordumuzun parlaq qələbəsi ilə başa çatdı. 30 ildir dünya birliyinin həll edə bilmədiyi problemi ordumuzun əsgərləri canı və qanı hesabına həll etdi. İşğal altındakı rayon və qəsəbələri azad edərək oraya üçrəngli bayrağımızı bir daha enməmək üçün sancdı. Təbii ki, tarixi torpaqları azad etmək başqa, oraya bayraq sancmaq isə bir başqa bir duyğu və qürurdur. “İki sahil” bu iki hissi də yaşayan, sağ ikən şəhid bilinərək tabuta qoyulan və həkimlərin son yoxlanışı nəticəsində morqdan çıxarılaraq xəstəxanaya aparılan qazi kəşfiyyatçı, snayper Pərviz Urkayevin döyüş yolunu təqdim edir.   

    Milliyyətcə avar olan Pərviz Urkayev 2001-ci ildə Balakən rayonunun Şambul kəndində anadan olub. Atası da I Qarabağ müharibəsi veteranı olan Pərviz orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Ordu sıralarından tərxis olunmağına 4 gün qalmış isə müharibə başlayıb. Pərviz də digər Azərbaycan oğulları kimi, müharibədə canla-başla torpaqlarımızın azad olunması üçün mübarizəyə başlayıb, özü də kəşfiyyatçı snayper kimi.

    Bayrağı sancıb yüksəyə qaldırmışdım ki, snayper gülləsi ilə vuruldum

    İlk gündən döyüşlərə başlayan qəhrəmanımız bildirdi ki, müharibəyə Tərtər rayonunun Talış kəndi istiqamətindən başlayıb: “Mən oktyabr ayının 1-də tərxis olunmalı idim. Amma sentyabrın 27-də müharibə başladı. Hər kəs kimi, mən də canla-başla Vətənin müdafiəsinə getdim. İlk istiqamətimiz Talış kəndi oldu. Sonrakı hədəf Suqovuşan idi. Hazırlıqlarımızı edib yola düşdük. Suqovuşanı azad etdikdən sonra bayraq sancmaq lazım idi. Komandirimiz “Kim gedib bayraq sancar?” deyəndə önə çıxdım. Ehtiyatla bayraq sancılacaq yerə doğru getməyə başladım. Qarşı yüksəkliklərdə erməni mövqeləri var idi. Bayrağı sancıb yüksəyə qaldırmışdım ki, snayper gülləsi ilə vuruldum. Yerə yıxılsam da artıq bayraq yüksəklikdə dalğalanırdı. Tez özümü ələ alıb yaramı bağladım, sonra da sürünərək 50-60 metr aralıda olan səngərə doğru getməyə başladım. Artıq güvənli yerdə idim, döyüş yoldaşlarım və sanitarlar ilk tibbi yardımı göstərdilər. Hələ yaşayış məntəqəsinə girə bilməmişdik. Axşama kimi səngərdə qaldıq, hava tam qaralandan sonra evlərə girib orada gecələdik. Əhali oradan tələsik getdiyi üçün heç bir əşya və arzaq apara bilməmişdi. Hər bir təminat var idi, lazım olan qədər istifadə etdik.

    Məni tabuta qoydular, üstümü də bağladılar

    Ertəsi günü Ağdərə istiqamətində əməliyyata başladıq. 30 nəfərlik heyət idik. Sıra ilə gedərkən “sürpriz” minaya düşdük, tank əleyhinə dörd mina eyni anda partladı, xeyli şəhidimiz oldu. O zaman mən də ağır yaralandım, özümdə deyildim, hər şeyi yuxu kimi xatırlayıram. Bir onu bildim ki, məni və bir neçə nəfəri şəhid bilib tabuta qoyublar, üstümü də bağlayıblar. Bir müddət keçəndən sonra özümdə güc tapıb tabutu sındırdım, bildirdim ki, mən hələ sağam. Amma çox pis idim, yenə özümdən getdim və məni ikinci dəfə tabuta qoyublar. Daha heç nə xatırlamıram. Bir də xəstəxanada ayıldım. Özümə gələndə ayağımın topuqdan aşağı hissəsi yox idi, əvvəl elə bildim kəsiblər, sonra məlum oldu ki, minaya düşərkən ayağım elə yerindəcə qopub. Pis oldum, qışqırdım ki, silah verin yenə döyüşməyə gedirəm. Həkimlər ağrıkəsici vuraraq yatırtdılar məni. Şəhid olmadığımı da morqda həkim meyitləri yoxlayan zaman bilib. Nəbzimin vurduğunu bildikdə təcili olaraq reanimasiyaya aparıblar. O, həkimə həyatımı borcluyam”.

    Amma qarşı tərəfə kəşfiyyata gedəndə vəziyyət dəyişirdi

    Təbii ki, kəşfiyyatçılar hər zaman qarşı tərəfə sızaraq əməliyyat məlumatları əldə etdikləri üçün onların təminat məsələsi xeyli çətin olur. Belə hallarla üzləşən Pərviz Urkayev deyir ki, təminat gələ bilməsə də özləri-özlərini təmin edə biliblər: “Öz mövqelərimizdə olan zaman hər bir şeylə təmin olunurduq. Amma qarşı tərəfə kəşfiyyata gedəndə vəziyyət dəyişirdi. Bununla belə ac qalmırdıq. Erməni tərəfə keçəndə onların təminatlarından istifadə edirdik. Toyuq, mal-qara kəsib bişirirdik.

    Snayperlə 40-a yaxın erməni öldürmüşəm

    Mən əsasən snayperlə yoldaşlarıma dəstək verirdim. Maskalanaraq ərazini müşahidə edirdim, müəyyən etdiyim işğalçı erməni əsgərini də vururdum. Hardasa 40-a yaxın erməni öldürmüşəm. Bunlardan 10-u yaxın məsafədən, 90-100 metr məsafədən atəşlə olub.

    Qumbara onun sol qolunu üzmüşdü, təcili köməyinə getdim...

    Kənan Məmmədov adında döyüş yoldaşım var idi. Ərazidə gəzərkən əl qumbarasına toxunub, partlayan qumbara onun sol qolunu üzmüşdü. Təcili köməyinə getdim, gördüm yerdə uzanıb qışqırır, qolu al qan içində idi. Tez qucağıma götürüb sanitarların yanına aparmağa başladım. Amma yolda, qollarımın arasında şəhid oldu. Çox pis oldum, Allah bütün şəhidlərimiziə rəhmət etsin, məkanları cənnət olsun”.

    İtin üzərinə 5-6 qumbara bağlamışdılar

    Məlum olduğu kimi, işğalçı ermənilər ordumuzun əsgərlərini pusquya salmaq üçün min bir hiyləyə əl atıblar. Pərviz bildirir ki, Suqovuşan istiqamətindəki postlardan birində olarkən yüksəklikdəki erməni postundan hərəkət müşahidə ediblər: “Gecə vaxtı idi. Bir də gördük ki, posta tərəf hərəkət var, əvvəlcə elə bildik erməni kəşfiyyatçıdır, sürünə-sürünə gəlir. Sonra komandirimiz gecəgörmə cihazı ilə baxaraq 100 metrdən atəş açdı. Gedib yaxından baxdıqda it olduğunu gördük. Üzərinə 5-6 qumbara bağlamışdılar. Qumbaraları zərərsizləşdirdik və ermənilərin növbəti hiyləsi də boşa çıxdı”.

    Taleh Bağırov





    PAYLAŞ:

    Oxşar xəbərlər