Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 29-cu ili tamam olur.
LEQAL.AZ xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.