Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları tərəfindən 6 fevral 2021-ci il tarixində Səbail rayonu, T.Əliyarbəyov 4A ünvanında fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus “Kefli" və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Əkbərova Gülmirə Əfsər qızı məxsus "Çayka" adlı ictimai iaşə müəssisələrində reydlər həyata keçirilib.
LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, reydlər zamanı sahibkarlıq subyektlərində karantin qaydalarının kobud şəkildə pozulduğu, məsul şəxslərin təyin olunmadığı, sosial məsafə və masalararası məsafənin gözlənmədiyi, müştəri qəbulu ilə bağlı adambaşına müəyyən edilən sıxlıq normalarına uyğun olmadan müştəri qəbul edildiyi və müştərilərin, eləcə də obyektdə çalışan işçilərin maskadan istifadə etmədiyi məlum olub.
Aşkar edilən faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər həyata keçirilib.