Torpaqlarımızın işğaldan azad olunmasıyla nəticələnmiş 44 günlük savaş - Vətən Müharibəsi bunu bir daha təsdiqləmiş oldu. Bu müharibədə Qarabağ uğrunda mərdliklə döyüşən, erməni faşistlərini pərən-pərən salan, onları torpaqlarımızdan iti qovan kimi qovan neçə-neçə qəhrəmanlar tanıdıq…
Əzizov Elçin Əvəz oğlu 1985-ci il mart ayının 31-i Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1992-ci ildə Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd orta məktəbinin birinci sinifinə getmişdir. I Qarabağ müharibəsindən sonra təhsilini Xətai rayonu 28 saylı Zəngilan orta məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə qəbul olmuşdur.
2002-ci ildə atasının vəfatından sonra Elçin, bacısı və qardaşı ilə birlikdə 1998-ci ildən Nizami rayonunda yerləşən Azərsutikinti xəstəxanasının yataqxanasında məskunlaşmışdı. Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçiblər. Xidməti uğurla başa vuran Elçin 2007-ci ildə təxris olunur. 2008-ci ildə dayısı qızı ilə ailə həyatı qurur. Bu evlilikdən 3 övladı dünyaya göz açır: Yusif, Duyğu və ailənin sonbeşiyi Uğur.
2012-ci ildə Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə işə başlayan Elçin ilk illərdən kollektivin rəğbətini qazanır. 2016-cı ildə gedən aprel döyüşlərində Elçin könüllü olaraq döyüşdə iştirak etmək istəyir və döyüşə yollanır göstərdiyi qəhrəmanlıq, igidliyə görə 2018-ci ildə ölkə başçısı tərəfindən "Vətən Uğrunda" medalı ilə təltif edilir və baş leytenant rütbəsi alır.
Bir il sonra eyni gündə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir. 2020-ci ilin sentyabr ayının 27-də vətənimizin müdafiəsi uğrunda başlayan müharibəyə Elçin də könüllü yollanır və Murovdağ, Füzuli rayonun Böyük Bəhmənli kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir.
Oktyabr ayının 13-ü yaralı yoldaşlarının köməyinə gedərkən Əzizov Elçin Əvəz oğlu iş yoldaşı Əliyev Malik Təvəkkül oğlu ilə birlikdə Cəbrayıl rayonu ərazisində zirehli maşında düşmən raketinə tuş gələrək, qəhrəmancasına Şəhidlik Zirvəsinə ucalırlar.
Elçin 2020-ci il oktyabr ayının 15-i II Fəxri Xiyabanda Azərbaycan himninin sədaları altında dəfn edilir.
Dövlət Sərhəd Xidmətində xidməti zamanı -
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” (1918-2013) yubiley medalı. DSX rəisinin Əmri: 29.12.2013
2. “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı. DSX rəisinin Əmri: 03.12.2014
3. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal. DSX rəisinin Əmri: 18.08.2015
4. “Hərbi xidmətlərə görə” medalı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: 16.08.2018
5. “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı. DSX rəisinin Əmri: 14.08.2019
6. “Vətən uğrunda” medalı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: 16.08.2019
Baş leytenant Elçin Əzizov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı, “Vətənə xidmətə görə” III dərəcəli ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Vətən sağolsun!