Vətən müharibəsi zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində məktəblilər cəbhəyə mütəmadi olaraq məktub və sovqatlar göndəriblər.
Cəbhəyə göndərilən məktublardan birini isə məktəblinin həmkəndlisi alıb.
“Report”un Şimal bürosu xəbər verir ki, rayonun Alpan kənd orta məktəbinin 7-ci sinif şagirdi Əmral Nəbiyevin göndərdiyi məktub təsadüfən həmkəndlisi, Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı Kazım Əlibəyova çatıb.
Məktubu alan hərbçi 44 günlük müharibə zamanı əhd edib ki, sağ qalarsa, məzuniyyəti zamanı həmin məktəbli ilə görüşüb ona təşəkkür edəcək.
Vətən müharibəsindən qələbə ilə qayıdan Azərbaycan Ordusunun hərbçisi ilk məzuniyyəti zamanı arzusuna çatdığını deyir.
Baş-leytenant Kazım Əlibəyov cəbhəyə məktub göndərən məktəbli, həmkəndlisi Əmral Nəbiyevlə görüşüb, ona təşəkkür edərək hədiyyə təqdim edib.
Qeyd edək ki, Ağdamdan Suqovuşan və Xocavəndə qədər döyüş yolu keçən Kazım Əlibəyov “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.