Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən LEQAL.AZ-a daxil olan müraciətdə bildirilib ki, fevralın 1-dən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda, küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub.
Bunları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi xahiş edir ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etsinlər. Əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.
Baş Dövlət Yol Polisi İdarəsi, eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslərə sosial ara məsafəsi saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyi tövsiyə edir.