Xüsusi karantin rejimi çərçivəsində fevralın 1-dən orta məktəblərdə ibtidai siniflər üçün tədrisin əyani formada təşkilinin başlayacağını, həmçinin bəzi xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunacağını nəzərə alaraq küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
LEQAL.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məktəblərin açılması ilə əlaqədar sürücülərə müraciətində bildirib.
Mövcud pandemiya şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusilə əhəmiyyət kəsb edir.
Övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən xahiş olunur ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür.