Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub

Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
  • İqtisadiyyat

  • Əsas nəqliyyat magistrallarından olan Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektlərindən 43 marşrut xətti üzrə 700-dən çox avtobus qismən və ya tam olaraq hərəkət edir. Gündəlik olaraq bu avtobuslarla 570 min nəfərdən çox sərnişin daşınır. Lakin mövcud nəqliyyat şəraiti, sıxlıq və tıxaclar səbəbindən hər gün ictimai nəqliyyatdan istifadə edən yarım milyondan çox sərnişin lüzumsuz vaxt itkisinə məruz qalır. İndiki halda avtobuslar bu yoldan 2 dəfə artıq vaxt sərf etməklə keçirlər. Pik saatlarda bu müddət daha da artır.

    Bakı Nəqliyyat Agentliyindən LEQAL.AZ-a bildirilib ki, sərnişinlərin rahatlığını təmin etmək, səyahət müddətini azalatmaqla onlara əlavə vaxt qazandırmaq məqsədilə yolboyu hər 2 istiqamətdə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib.

    Zolaqların təşkili sayəsində avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səyahət müddəti isə azalacaq. Avtobusların zolaq üzrə maneəsiz hərəkəti intervalın daha düzgün tənzimlənməsinə imkan verəcək. Bununla da, sərnişinlərin dayanacaqlarda toplu halında uzun müddətdə avtobus gözləməsi kimi hallar əhəmiyyətli dərəcədə azaldacaq.

    Müntəzəm və ekspress xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etmək mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyətlidir.

    Qara Qarayev prospekti üzrə təşkil olunmuş avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti günün bütün saatları üzrə qadağan ediləcək. Məhəmməd Hadi küçəsi və Gəncə prospektində isə avtobus zolaqları yalnız pik saatlarda, yəni səhər saat 08:00-dan 10:00-a kimi, axşam saatlarında isə 17:00-dan 20:00-a kimi qüvvədə olacaq. Bu barədə yol nişanlarının altında qüvvədə olma saatlarını bildirən lövhələr də yerləşdirilib.

    Avtobus zolaqları çəkilərkən mövcud “cib” tipli parklanma yerləri və taksi duracaq məntəqələri saxlanılıb, taksi minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin həmin taksi duracaq məntəqələrinə və parklanma yerlərinə daxil ola bilməsi üçün müvafiq nişanlanma xətləri vasitəsilə şərait yaradılıb. Həmçinin həmin “cib” tipli parklanma yerləri müvafiq yol nişanları və nişanlanma xətləri ilə də təchiz edilib.

    Sürücülərdən xahiş olunur ki, zolaqlarla bağlı yol nişanın tələbinə əməl etsinlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər