Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış Beyləqan rayonundan olan hərbi qulluqçu Abdullayev Kamran Kamil oğlunu ziyarət edib, ailəsinin sosial vəziyyətini öyrəniblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, qazi müddətdən artıq xidmətdə olan hərbi qulluqçu kimi fəaliyyət göstərib. Anası işləyir, nənəsi pensiyaçıdır, qazinin həyat yoldaşı isə azyaşlı uşaqlarına baxır.
Kamranın əlilliyi yaxın günlərdə qiymətləndiriləcək və əlillik təyin olunduğu halda birdəfəlik sığorta ödənişi, aylıq təqaüd və müavinətlə, reabilitasiya xidmətləri ilə təmin ediləcək. Bu barədə ona məlumat verilib.
İstəyi nəzərə alınmaqla Kamran poliqrafiya üzrə kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib. Bununla əlaqədar sənədləşdirmə işləri aparılır.