Ədliyyə naziri Özbəkistan səfiri ilə Ermənistanın müharibə cinayətləri barədə danışıb

Ədliyyə naziri Özbəkistan səfiri ilə Ermənistanın müharibə cinayətləri barədə danışıb
  • Cəmiyyət

  • Oktyabrın 22-də Ədliyyə naziri Fikrət Məmmədov Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Aşrafxanovla görüşüb.
    Ədliyyə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, görüşdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu vurğulanıb. Əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində səmərəli həyata keçirildiyi bildirilib.
    Səfir ölkələrimizin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini qeyd edərək diplomatik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
    Söhbət zamanı işğalçı Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlarından, xüsusilə dinc əhaliyə yönələn müharibə cinayətlərindən danışılıb.
    Ədliyyə naziri düşmənin döyüş bölgəsindən aralıda yerləşən, insanların sıx yaşadığı Gəncə və Mingəçevir şəhərlərini, həmçinin bu gün səhər saatlarında hərbi əməliyyatlar aparılan yerdən 100 kilometrlərlə uzaqda olan Siyəzən, Qəbələ və Kürdəmir rayonlarını ballistik raketlərlə atəşə tutduğunu qeyd edərək Ermənistanın təcavüzkar siyasətindən əl çəkmədiyini, dinc əhaliyə və mülki infrastruktura hədəflənən təxribatlarını davam etdirdiyini vurğulayıb.
    Səfir Ermənistanın raket hücumlarına məruz qalan Gəncə şəhərinə səfərlər edərək dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dəhşətlərini və heç bir məntiqə sığmadığını vurğulayıb, həlak olanlara görə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
    B.Aşrafxanov Özbəkistanın ilk günlərdən bəyanatlarla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz riayət etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun tez bir zamanda həll olunması ilə bağlı prinsipial mövqe nümayiş etdirdiyini deyib.
    Nazir Fikrət Məmmədov səfirə ölkəsinin dəstəyinə görə minnətdarlığını ifadə edib, düşmənin işğalçılıq siyasəti və müharibə cinayətləri ilə bağlı 80 dövləti təmsil edən xarici həmkarlarına və prokurorlara müraciətlər ünvanladığını söyləyərək Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dəqiq və dolğun çatdırılmasında diplomatik korpusun da mühüm rolunu vurğulayıb.
    Səfir Azərbaycan Ədliyyə nazirinin Ermənistanın hərbi təxribatları ilə bağlı rəsmi müraciətini özbəkistanlı həmkarının aldığını və Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, həmçinin ölkəsinin Ədliyyə nazirinin əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib. Azərbaycanın ədliyyə sahəsində nailiyyətlərindən ölkəsində aparılan islahatlarda bəhrələndiyini, o cümlədən respublikamızın brendi olan, ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi ASAN praktikasının tətbiq olunduğunu qeyd edib.
    Görüşdə iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, Azərbaycanın rəqəmsal ədliyyə sahəsində yeniliklərinə maraq göstərilərək təqdir olunub, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydası vurğulanıb.
    Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər