Milli Məclisin deputatı Cavanşir Feyziyevin Azərbaycan mətbuatında dərc edilmiş “Cənubi Qafqazda qlobal siyasi oyun başa çatdı” sərlövhəli məqaləsi
Rusiyada da böyük marağa səbəb olub və elə həmin günlərdə Rusiyanın www.Novoe vremya.com, www.Kavkaz uzel.eu saytları da məqaləni rus dilində yayıb. Maraqlısı odur ki, həmin məqalə bu gün erməni mətbuatında da dərc olunub. Ermənistanda erməni, ingilis və ərəb dillərində yayımlanan və daxili auditoriya ilə bərabər, həm də xaricdə yaşayan ermənilərin müntəzəm olaraq izlədikləri “Yerepouni Daily News” erməni xəbərləri saytı deputat Cavanşir Feyziyevin məqaləsini ingilis dilində dərc edib.
Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, onun səbəb və hərəkətverici qüvvələrindən bəhs olunur. Müəllif bildirir ki, Cənubi
Qafqazda bu münaqişənin mövcudluğu region ölkələrindən daha çox qlobal güc mərkəzlərinin maraqlarına xidmət edirdi və həm Azərbaycan, həm də təcavüzkar Ermənistanın özü bu münaqişənin qurbanları idilər. Bir-birinə qarşı vuruşan iki ölkə arasında fərq ondan ibarət idi ki, Azərbaycan siyasi elitası bu qlobal oyunun mahiyyətini başa düşür və ətrafında qurulmuş bu tələdən heç bir itkisiz çıxmağa çalışdığı halda, Ermənistan inanılmaz bir sadəlövhlüklə qlobal güclərin köməyi ilə işğal etdiyi torpaqların rəsmən tanınmasına ümid edirdi. Müəllif qeyd edir ki, Azərbaycan siyasi rəhbərliyinin düşünülmüş praqmatik siyasəti və qətiyyəti sayəsində oyun qaydalarını pozmaq mümkün oldu və heç kimin gözləmədiyi halda, Azərbaycan qlobal güc mərkəzlərinin Cənubi Qafqaz üçün hazırladığı və həyata keçirdiyi məkrli oyundan qalib çıxa bildi.
Məqalənin “Yerepouni Daily News” saytında dərc olunmuş ingilisdilli variantı ilə bu linkdə tanış olmaq mümkündür.